Məsələni Azvision.az –a şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, Paşinyan özünü sülhpərvər və danışıqlara meylli kimi göstərməyə çalışır:
“Birincisi, Paşinyan deyir ki, Azərbaycan Prezidenti ilə görüşməyə hazırdır. İkincisi, uzun fasilədən sonra kommunikasiya xətlərinin açılması məqsədilə Moskvada üçtərəfli komissiyanın işinə razılıq verib. Üçüncüsü isə, Paşinyan Türkiyə ilə barışığa çağırır. Paşinyan müharibədən sonra nazirləri vasitəsilə də Türkiyəyə sülh çağırışları edirdi. Məsələn, Ermənistanın keçmiş xarici işlər naziri müharibədə məğlubiyyətdən sonra demişdi ki, artıq Türkiyə ilə sərhədin açılmasına heç nə mane olmur. Yəni erməni nazir bununla faktiki demək istəmişdi ki, Azərbaycan ərazi bütövlüyünü təmin edibsə, demək Türkiyənin əsas şərti yerinə yetirilib və sərhəd açıla bilər. Daha sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan müsahibəsində “Türkiyə ilə münasibətlərə yanaşmada dəyişiklik etmək lazımdır” ifadəsini səsləndirmiş və bu açıqlama sosial şəbəkələrdə və yerli mediada qalmaqala səbəb olmuşdu.
Ermənistan XİN-ə başçı təyin edilib |
Paşinyanın bu ilin mart ayında Armavir vilayətində sakinlərlə görüşünü xatırladan Elxan Şahinoğlu deyib ki, Nikol burada da eyni mövzuda çıxış etmişdi- “Biz, region ölkələri, gərək qarşılıqlı əlaqələrimizə münasibətimizi bütövlüklə yenidən qiymətləndirək. Bu yeni situasiyada biz qarşımıza tapşırıq qoymalıyıq ki, Ermənistanın yolları olsun, yeni yollar, yeni kommunikasiyalar açılsın. Çünki siz bilirsiniz ki, bizim Rusiyaya və İrana dəmiryollarımız Azərbaycandan keçir. Biz anlamalıyıq ki, belə ola bilməz ki, bizim onların ərazisindən keçən yolumuz olsun, onlara isə bizim ərazimiz üzərindən yol verilməsin. Biz regiona baxışımızı, nöqteyi-nəzərimizi dəyişməliyik”.
Paşinyan parlament seçkiləri vaxtı bu mövzuya qayıtmadı ki, ermənilərin səslərini itirməsin. Elxan Şhainoğlunun sözlərinə görə, parlament seçkisi arxada qaldığına və Paşinyan yenidən mövqelərini möhkəmləndirdiyinə görə, o, qonşularla normal münasibətlərin yaradılması mövzusuna yenidən qayıdıb:
“Ancaq bunun üçün açıqlama vermək azdır, Paşinyan ən azı iki addım atmağa hazır olmalıdır: kommunikasiya xətlərinin açılması proseduruna start verməli, Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi və sülh sazişi istiqamətində danışıqlara başlamalıdır”.
Tural Tağıyev
Azvision.az