Ötən sutka 14 nəfər xilas edilib

  23 Avqust 2021    Oxunub :474
Ötən sutka 14 nəfər xilas edilib
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 89 yanğına çıxış və 12 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 14 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib, 1 nəfər yanıq xəsarəti alıb. Lənkəran şəhərinin Nərimanabad qəsəbəsində su kanalında batan 2005-ci il təvəllüdlü Qasımov Rəşad Vüsal oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin, Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktı üzrə həyata keçirilən xilasetmə əməliyyatı zamanı 1953-cü il təvəllüdlü Piriyev Əliqiyas Qiyas oğlunun meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.


Azvision.az

Teqlər: FHN  






Xəbər lenti