Bakıda 4 tibb müəssisəsi saxta COVID-19 pasportu satırmış - VİDEO

   Bakıda 4 tibb müəssisəsi saxta COVID-19 pasportu satırmış -    VİDEO
  23 Avqust 2021    Oxunub:2175
Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq saxta COVID pasportlarının verilməsi ilə bağlı birgə məlumat yayıb.
Azvision.az -ın xəbərinə görə, birgə məlumatda bildirilib ki, daxil olmuş məlumatlar və aparılan yoxlamalar nəticəsində paytaxt ərazisində yerləşən daha bir neçə tibb müəssisəsində pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksinasiya prosesindən keçmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməsi və bununla da həmin şəxslərin guya vaksin olunmaları ilə bağlı saxta COVİD-19 pasportu ilə təmin edilmələri məlum olub.

Həyata keçirilən ilk əməliyyat zamanı müəyyən olunub ki, Xəzər rayonu Binə qəsəbəsində yerləşən 29 saylı Birləşmiş Şəhər Xəstəxanasının tibb bacıları Ü. Abbasova, S.Allahverdiyeva, F.Nəhmətova, həmin müəssisəsinin kompüter qeydiyyatçıları Ə.Hüseynova, S.Dadaşzadə və Səbail rayonunda yerləşən 33 saylı Şəhər Poliklinikasının əməkdaşı Elnur Əliyevlə əlbir olaraq vətəndaşlardan 300 manat məbləğində pul alıb onların xəstəxanaya belə gəlmədən guya vaksinasiyadan keçib peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər. Bu şəxslərin eyni üsulla çoxsaylı vətəndaşlardan pul alaraq onları peyvənd olunmadıqları halda “e-TƏBİB” elektron qeydiyyat sistemində vaksin olunmuş şəxslərin siyahısına daxil etdikləri məlum olub.



Analoji hal Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 7 saylı Birləşmiş Şəhər Xəstəxanası və Yasamal rayonunda yerləşən 3 saylı Şəhər Poliklinikasında da aşkar edilib. Müəyyən olunub ki, həmin müəssisələrdə tibb bacıları işləyən S.Mahmudova və A.Bağırova hər doza vaksin üçün 50-100 manat müqabilində ayrı-ayrı vətəndaşlar barədə guya onların vaksin olunmalarını özundə əks etdirən saxta məlumatları “e-TƏBİB” elektron qeydiyyat sisteminə daxil ediblər. Bununla da adları çəkilən tibb bacıları tərəfindən pul aldıqları vətəndaşlara peyvənd olunmadan onlara vaksin vurulduğu barədə saxta sənədlər təqdim olunub.

Qeyd edilən faktlarla bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq araşdırmaları aparılır. İş üzrə əhəmiyyət kəsb edən halların, göstərilən qanun pozuntularında hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması, habelə COVID-19 testinin nəticələri ilə bağlı vətəndaşlara saxta sənəd verilməsi halları ilə üzləşdikdə “102” Xidməti Zəng Mərkəzi, "961" nömrəli "Çağrı Mərkəzi", "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir.

Qeyd olunub ki, ölkəmizdə koronavirus pandemiyası əleyhinə aparılan vaksinasiya prosesinə qanunsuz yollarla müdaxilə edilməsi hallarına qarşı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunvericiliklə nəzərdə tutulan qaydada sərt mübarizə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək.

Azvision.az



Teqlər: DİN   Prokurorluq  





Xəbər lenti