"Opel” yeni elektrik avtomobili “Opel Rocks-e”ni təqdim etdi

   "Opel” yeni elektrik avtomobili    “Opel Rocks-e”ni təqdim etdi
  26 Avqust 2021    Oxunub:3732
“Opel” şirkəti yeni “Opel Rocks-e” city elektrik avtomobilini təqdim edib. Şəhər nəqliyyatının yeni modeli olan SUM (Sustainable Urban Mobility) skuterlər və adi avtomobillər arasında özünəməxsus yer tutacaq.
Azvision.az “Avtonovosti dnya” nəşrinə istinadən xəbər verir ki, onu AM sürücülük vəsiqəsi (Almaniya) olan 15 yaşdan yuxarı gənclər də sürə biləcəklər.

"Yeni “Opel Rocks-e”ni yaradarkən heç bir güzəştə getmədik. O, məğrur və lakonik dizayna, inanılmaz yığcam ölçülərə malikdir. Yeni SUM tam olaraq elektriklə işləyir və olduqca aşağı qiymətə təqdim olunacaq. Biz hər kəs üçün ağıllı və funksional bir elektromobil təklif edirik” , - Opelin satış və marketinq müdiri Stiven Norman deyib.

Fransız “Citroen Ami” modelində hazırlanan iki nəfərlik sitikarın uzunluğu 2,41, eni 1,39 metrdir. Batareya ilə birlikdə cəmi 471 kq ağırlığındadır. 45 km/saata qədər sürət yığa bilən kompakt elektrik mühərriki 5,5 kilovat-saatlıq batareya dəsti ilə təchiz olunub ki, bu da ev rozetkasından 3,5 saat ərzində tam doldurula bilər. Pasport güc ehtiyatı 75 kilometrdir.

Almaniyada “Opel Rocks-e” üçün sifarişlərin qəbulu payızda başlayacaq və model 2022-ci ildə digər bazarlara da çıxarılacaq (bazarlar hələ dəqiqləşdirilməyib). Qiymət etiketi də hələ açıqlanmayıb.

Nadir Quliyev
Azvision.az



Teqlər: Opel   Elektromobil  





Xəbər lenti