Türkiyənin qanadları möhkəmləndi: "Akıncı" ilə yeni mərhələ başlayır

  Türkiyənin qanadları möhkəmləndi:  "Akıncı" ilə yeni mərhələ başlayır
  30 Avqust 2021    Oxunub:3841
Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ən yeni hücum pilotsuz uçuş aparatı (PUA) “Bayraktar Akıncı”nın Türk ordusunda xidmətə başladığını açıqlayıb.
"Bu gün ordumuzun arsenalına dünyanın ən yaxşılarından biri olan Bayraktar Akıncı ağır pilotsuz təyyarəsinin əlavə edilməsini alqışlayırıq. Bu bizim müstəqilliyimizin başqa bir simvoludur. Türkiyə bu cür texnologiyaya sahib olan üçüncü lider ölkədir. Biz Türkiyəni pilotsuz döyüş texnologiyasında lider etməkdə qərarlıyıq", - Ərdoğan deyib.

O əlavə edib ki, "on il əvvəl bu vəsaitləri bizə satmayanlar indi qlobal platformada oyunu dəyişdirən PUA-larımızdan danışırlar".
"Dron istehsal texnologiyaları ilə gücümüzü bütün dünyaya sübut etdik. Türkiyə yalnız idxalçı ölkə olmağı dayandırdı, özümüzü inkişaf etdirməyə və məhsullarımızı satmağa başladıq. Akıncının gəlişi ilə yeni bir zirvəni fəth etdik", - Ərdoğan bildirib.



Türkiyə prezidenti deyib ki, bəzi ölkələr texnologiyadan suverenlikləri, sərhədləri dəyişdirmək üçün istifadə edirlər: "Ancaq bizim prinsipimiz hər hansı bir texnologiyanı insanların xeyrinə istifadə etməkdir. Türk əsgərinin ayaq basdığı hər bir torpaqda sülh və əmin-amanlıq olacaq... Bölgəmizdə və ya dünyada sülh təmin edilərsə, bunun Türkiyə olmadan edilə biləcəyini düşünmək mümkün deyil. Hamı əvvəlcə Türkiyəyə baxacaq!"

Türkiyənin “Baykar” şirkətinin istehal etdiyi milli pilotsuz döyüş təyyarəsi “Bayraktar Akıncı” Türkiyənin müdafiə sənayesində son illərdə reallaşdırdığı ən mühüm layihələrdən biri hesab edilir. "Akıncı" PUA-ları yetərincə geniş ərazilərdə uzunmüddətli vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulan və populyarlığı getdikcə artan HALE (High Altitude Long Endurance - Böyük Yüksəklikdə Uzun Müddət) sinfinə aiddir. Türkiyə bu uğura imza atmaqla dünyada HALE sinfindən olan PUA istehsal edən 4-cü ölkəyə çevrildi.



“Akıncı”nın inkişaf etdirilməsinə 2017-ci ilin may ayında başlanılıb.“Akıncı” PUA-sı ilk uçuşunu 2019-cu il dekabrın 6-da həyata keçirib. İlk uçuş zamanı PUA 16 dəqiqə havada qalıb. Prototipin ikinci uçuşu isə 2020-ci ilin yanvar ayının 10-da baş tutub, həmin uçuş zamanı PUA 1 saatdan artıq havada qalmışdı. “Akıncı”nın ikinci prototipinin ilk uçuşu 2020-ci ilin avqustun 13-də həyata keçirilib.

“Baykar Holdinq”in istehsal etdiyi “Akıncı” pilotsuz təyyarələri havada azı 24 saat fasiləsiz qala bilir. 12 min metrdən çox yüksəklikdə uçur və bazadan 150 kilometr uzaqda, tam avtonom rejimdə əməliyyatlar həyata keçirir. “Akıncı” dronları TÜBİTAK SAGE və ROKETSAN şirkətlərinin istehsal etdiyi MAM-L, MAM-C, Cirit, L-UMTAS, Bozok, MK-81, MK-82, MK-83, Kiti-MK-82 döyüş sursatları, SOM qanadlı raketi, “Gökdoğan” və “Bozdoğan”, kimi müxtəlif çeşidli “ağıllı” bombalar və hədəfə lazerlə yönləndirilən raketlərlə silahlandırıla bilir. Göyərtəsində 3 ədəd süni intellekt kompüteri olan “Akıncı” dronları eyni zamanda yerüstü kəşfiyyat aparır, sensorlar və yüksək həssaslığa malik kameralar vasitəsilə məlumatları toplayıb avtonom rejimdə analiz edir, habelə komanda mərkəzinə ötürür. Digər mühüm özəlliyi isə budur ki, həmin pilotsuz sistemlər bütöv eskadrilya halında, avtonom rejimdə döyüşdə tətbiq edilə bilir, bu zaman dronlar süni intellekt vasitəsilə bir-biriləri ilə koordinasiya içərisində olur.

"Akıncı" Elektron Dəstək modulundan, AESA radarından, SAR kəşfiyyat sistemindən, REM kompleksindən, EO/İR infraqırmızı elektro-optik kəşfiyyat vasitəsindən, müxtəlif görüntü cihazlarından və Peyk Rabitə sistemindən istifadə edir. Sadalanan bütün sistem və vasitələr Türkiyə istehsalıdır. "Akıncı"da istifadə edilən AESA və müşahidə bloku ASELPOD ASELSAN tərəfindən istehsal edilməsi nəzərdə tutulur. PUA-nın müxtəlif növ kilidlənən və idarəolunan sursatlardan istifadə etməsi bu radar tərəfindən dəstəklənir.



“Akıncı”nın ən mühüm özəlliklərindən biri də onun yerüstü stansiyadan asılı olmadan bütünlüklə avtonom rejimdə uçması, hədəfi müəyyən edib izləməsi və təchiz olunduğu müxtəlif tipli, lazerlə hədəfə yönləndirilən raketlərlə vurması və geri qayıdaraq yenə də avtonom rejimdə eniş etməsidir . Bu imkanın sayəsində “Akıncı” kifayət qədər böyük dağıdıcı gücə malik olan, yenə də tamamilə Türkiyə hərbi sənayesinin istehsalı olan, hədəfi yüksək dəqiqliklə vuran raketlərlə silahlanıb. Akıncı 40 min fut yüksəkliyə qalxır və daxildə 400 kiloqram, xarici asqılarında isə 950 kiloqram olmaqla cəmi 1350 kiloqram faydalı yük daşıya bilir. PUA-nın qanadının uzunluğu 20 m-dir və Ukrayna istehsalı iki AI-450 turbopərli mühərriki ilə təchiz edilib. “Akıncı” operativ-strateji PUA-larına quraşdırılmaq üçün Ukraynanın “İvchenko-Proqres” şirkətinin istehsal edilən AI-450 turbopərli mühərrikləri 2021-ci ildən 2030-cu ilədək Türkiyəyə ixrac ediləcək.

Nadir Quliyev
Azvision.az


Teqlər: Ərdoğan   Türkiyə   Akıncı   PUA  





Xəbər lenti