Erməni cinayətlərilə bağlı hesabat hazırlanıb

  01 Sentyabr 2021    Oxunub :611
Erməni cinayətlərilə bağlı hesabat hazırlanıb
Britaniyadan olan beynəlxalq hüquqşünaslar İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın müxtəlif yaşayış məntəqələrində dinc əhaliyə qarşı törədilən hərbi cinayətlərlə bağlı müstəqil hesabat hazırlayıblar.
Londonda yaşayan həmyerlimiz “BM Morrison Partners” beynəlxalq hüquq firmasının rəhbəri tanınmış azərbaycanlı beynəlxalq hüquqşünas Fərhad Mirzəyevin təşəbbüsü və iştirakı, həmçinin Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi ilə görkəmli beynəlxalq cinayət hüququ üzrə vəkil “9 Bedford Row” vəkillər palatasının nümayəndəsi Steven Kayın başçılıq etdiyi qrup həmin hesabatı hazırlayaraq dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

Hesabatda Azərbaycanın ən böyük ikinci şəhəri Gəncə də daxil olmaqla ölkəmizin müxtəlif şəhərlərində dinc əhaliyə qarşı edilən hücumlara beynəlxalq hüquq nöqteyi nəzərindən qiymət verilir. Hesabatda müharibə dövründə 100-ə yaxın mülki şəxsin həlak olması ilə nəticələnmiş hücumlara hərbi və insanlıq əleyhinə cinayətlər kimi qiymət verilir. 100 səhifəlik hesabat Azərbaycanın həmin hücuma məruz qalmış yaşayış məntəqələrinə səfərlərin nəticələrinə və faktların araşdırılmasına əsaslanır, bununla bağlı beynəlxalq cinayət hüququ və beynəlxalq humanitar hüququn müvafiq aspektlərini araşdırır.

Hesabatda, həmçinin Ermənistan silahlı qüvvələrinin işğal dövründə Füzuli rayonunda törədikləri əməllərə də hüquqi qiymət verilib və onlara qəsdən törədilmiş hərbi cinayət kvalifikasiyası verilir. Hesabata xüsusi bir veb-sayt həsr olunub və orada yerləşdirilən videolarda beynəlxalq ekspertlər tərəfindən bu hesabatın hazırlanmasının məqsədləri haqqında hərtərəfli izahatlar verilir və xarici ekspertlər öz gözləri ilə gördüklərini təsvir edirlər.

Teqlər: Erməni-cinayətləri  







Xəbər lenti