"Kiçik Məsud Əfqanıstanın qanuni rəhbəridir" - Səfir

   "Kiçik Məsud Əfqanıstanın qanuni rəhbəridir" -    Səfir
  31 Avqust 2021    Oxunub:1086
Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zahir Ağbar məşhur səhra komandiri Əhməd Şah Məsudun oğlu Əhməd Məsudu Əfqanıstanın qanuni rəhbəri adlandırıb.
Azvision.az xəbər verir ki, bu barədə diplomat İtaliyanın “la Repubblica” qəzetinə müsahibəsində deyib.

Zahir Ağbar Kabildəki yeni hökumət haqqında mənfi fikirlər səsləndirib.

"Hansı rejim? Kabildə hər hansı yeni rejim yoxdur. Əfqanıstanın böyük hissəsini ələ keçirən “Taliban” şəhəri də işğal etdi”, - səfir bildirib.

O, “Taliban” tərəfindən qurulan hökumətin heç kimin tanımayacağına ümid etdiyini söyləyib: "Əfqanıstanda yeganə qanuni hökumət milli qəhrəmanımız Əhməd Şah Məsudun oğlu Əhməd Məsud hökumətidir".

Zahir Ağbar müqavimət qüvvələrinin olduğu Pəncşirin keçilməz və toxunulmaz olduğunu, eyni zamanda kiçik Məsudun Rusiyadan yardımla bağlı razılığa gəldiyini söyləyib.

Diplomat bildirib ki, Məsudun Talibanla apardığı danışıqlar hərbi əməliyyatlardan əvvəl vaxt qazanmaq üçün lazımdır.

"Digər Əfqanıstan liderlərindən fərqli olaraq Məsud illərdir yaraqlılarla savaşa hazırlaşır və bütün "Taliban" əleyhinə olan müqavimət qüvvələri indi onun komandanlığı altında toplanır", -səfir bildirib.

Xatırladaq ki, Pəncşir Əfqanıstanın "Taliban" tərəfindən tabe edilməyən yeganə əyalətidir. Pəncşir ətrafında vaxtaşırı döyüşlər baş verir. Tərəflərin bildirdiyinə görə, hazırda danışıqlar gedir, lakin hələlik nəticə yoxdur.

Azvision.az



Teqlər: Əfqanıstan   Səfir  



Xəbər lenti