"Qadınlarımız kosmosu birlikdə öyrənsinlər " - BƏƏ-dən təklif

"Qadınlarımız  kosmosu birlikdə öyrənsinlər " - BƏƏ-dən təklif
  01 Sentyabr 2021    Oxunub:1626
"Hər il 28 avqust tarixində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Qadınlar Günü qeyd edilir. Bu fürsətdən istifadə edərək, hazırki məqalə dost ölkələrimizin yeni bir əməkdaşlıq sahəsi olaraq kosmosu necə araşdıra biləcəyinə işıq salır".
Azvision.az xəbər verir ki, bu barədə BƏƏ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Abdalla AlShamsinin məqaləsində vurğulanıb.

Qeyd olunub ki, BƏƏ qadınları Mars missiyasına uğurla cəlb edib. Missiyaya qadınların daxil edilməsi üçün misli görünməmiş bir standart qarşıya qoyuldu. Belə ki, missiyanın 34 faizini və elm qrupunun 80 faizini qadınlar təşkil edir. Diplomat bildirib ki, BƏƏ artıq kosmonavt kimi təlim alan ilk ərəb qadını da seçib. BƏƏ əsilli Nora əl-Matrooshi 27 yaşında maşınqayırma məzunudur.

“Diplomatik missiyam müddətində müşahidə etmişəm ki, Azərbaycanda davamlı şəkildə cəmiyyətin bütün sahələrinə qadınlar da cəlb edilir və onların iştirakı təmin olunur. Qadınların gündəlik qeyri -adi töhfələrini görməmək mümkün deyil. Beynəlxalq Əməkdaşlıq üzrə Dövlət naziri və “Expo 2020 Dubai”ın baş direktoru Reem Əl Haşiminin dediyi kimi: "Bu günün mürəkkəb problemlərini həll etmək üçün dünyanın elmə, elmin qadınlara və qızlara ehtiyacı var". “Expo 2020 Dubai” dünyadakı qadın və qızların elmdə əhəmiyyətini vurğulamaq, bu sahədə qabaqcıl qadınları qeyd etmək, yeni tərəfdaşlıqlar qurmaq, zəngin, fərqli bir proqram vasitəsi ilə qadınların iştirak imkanlarını artırmaq üçün dünyanı bir araya gətirəcək”, - diplomat vurğulayıb.

O xatırladıb ki, BƏƏ aerokosmik elmləri üzrə ixtisaslaşmış kadrları hazırlayacağı Milli Kosmik Proqramını işə salıb. Gənc Əmirlik kadrları Milli Kosmik Proqramı icra edəcək. Milli Kosmik Proqramın əsas məqsədlərindən biri 2117 Mars proqramının bir hissəsi kimi Qırmızı Planetdəki ilk elmi şəhərin reallaşdırılmasına nəzarət etməkdir. Şəhərin tərkibində sıfır qravitasiya təcrübələri aparmaq üçün bir muzey və laboratoriyalar da olacaq. O, 3D çap texnologiyasından istifadə edərək Qırmızı Planet üçün uyğun olan ən yaxşı binaların dizaynı və çapı üçün bir təşəbbüs olan 'Marsda Yaşamaq' layihəsini də əhatə edəcək.

Müvəqqəti işlər vəkili əlavə edib ki, Məhəmməd Bin Rəşid Kosmos Mərkəzi beynəlxalq kosmik tərəfdaşlarla birgə Milli Kosmik Proqramın hazırlanmasından məsuldur: "Buna əsaslanaraq aşağıdakıları təklif etmək olar: həm BƏƏ, həm də Azərbaycandan olan qadın alim və tədqiqatçılar arasında bu sahədə təcrübə mübadiləsi; kosmik biliklər üzrə birgə təlimlər keçirmək; kosmos təhsilinə daha çox təşviq etmək".

Azvision.az



Teqlər: BƏƏ   Azərbaycan   Kosmos  





Xəbər lenti