Dəhşətli ailə faciəsinin detalları: Hər iki tərəfin mövqeyi

 Dəhşətli ailə faciəsinin detalları:  Hər iki tərəfin mövqeyi
  02 Sentyabr 2021    Oxunub:10221
Avqustun 30-da saat 14 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı - 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Göstərilən zəruri tibbi yardımlara baxmayaraq, Tahirə Niftəliyeva aldığı xəsarətlərdən avqustun 30-da, Aytən Niftəliyeva isə sentyabrın 2-də müalicə olunduqları xəstəxanada vəfat ediblər.
Azvision.az hadisənin təfərrüatlarını öyrənmək məqsədi ilə Aytən Niftəliyevanın anası Mehriban Süleymanova ilə danışıb. O, qızı və yeznəsinin BDU-nun tələbələri olarkən tanış olduqlarını bildirib. Ananın sözlərinə görə, 3 illik evlilik müddətində gənc cütlüyün ailəsində tez-tez münaqişələr baş verirmiş. Valideyinlər el qınağından qorxub, qızlarını boşatdırmayıblar. Hadisənin baş verdiyi gün Aytən və Rəhman arasında davaya səbəb ərin başqa bir qadınla həyat yoldaşına xəyanət etməsi olub.


Altı aydan çox idi ki, Rəhmanın başqa bir qız tanışı ilə münasibəti var idi,- deyir Aytənin anası.- Buna görə qızımla tez-tez aralarında dava düşürdü. Hətta bu məsələni oğlanın atası, anası da bilirdilər. Qayınatası əvəllər qızıma bu məsələni həll edəcəyini desə də, sonradan “öz məsələnizi özünüz yoluna qoyun” deyib, kənarda durdu. Həmin gün də aralarındakı qalmaqal xəyanətə görə yaranıb. Dava əsnasında Rəhman və anası qızımı döyüblər. Qaynanası onu saçından tutub, sürüyürmüş. O dərəcədə xəsarət yetiriblər ki, almacıq sümüyü sınıb, üzü partlayıb. Aytən onların əlindən güclə qurtularaq, uşağı ilə birlikdə çardağa qaçıb. Bu zaman Rəhman da onun dalınca gəlib. O, uşağı Aytənin əlindən dartıb almaq istəyəndə, körpə əllərindən düşüb. Bunu görən ana özünü atmaq istəyib, amma bir anlıq qorxub, ata bilməyib. Ardınca necə olubsa, qızım da yıxılıb. Əlləri ilə çardağın dəmirindən yapışıb. Rəhmana yalvarıb ki, kömək et, ölmək istəmirəm. O isə üzünü çevirib, kömək etməyib. Aytənin əlləri boşalıb, aşağı düşüb. Ayağa qalxıb övladına tərəf getmək istəyəndə huşunu itirib. Ayaqları, sümükləri sınıb deyə ağrı şokuna girib. Ondan sonra qonşular səsə gəlib və təcili yardım çağırıblar.


Ana qızının bilərəkdən yeznəsi tərəfindən itələndiyini iddia edir: “Qayınansıgil mənə zəng edib, ölüm xəbərini deyəndə qızımın 2-ci mərtəbədən özünü və uşağı atdığını bildirdilər. Ancaq qızım reanimasiyada yatanda bizə çardaqdan yıxıldığını bildirdi. Daha doğrusu, ərinin onu itələyib-itələmədiyini bilmirdi. Qəfildən çardağın dəmirlərindən yapışdığını görüb.
Rəhmangilin ailəsi qalmaqallı idi. Anası və özü həmişə qızıma qarşı zorakılıq edirdilər. Onu diz çökdürüb, üzr istədirdilər. Yoldaşım camaatdan ayıb bilib, boşanmalarını istəmirdi. Təsəvvür edin ki, Aytəni atası öləndə qırxına kimi onun yasına buraxmadılar. Belə insanlar idilər. Rəhman bir dəfə də olsun, gəlib xəstəxananın küncündən baxmadı ki, görüm yoldaşım necədir. Mənim balamı da, nəvəmi də qurban etdilər”.


AzVision.az hadisə ilə bağlı Rəhman Niftəliyevin də fikirlərini öyrənib.

- Bu hadisə ilə bağlı nə paylaşılırsa, hamısı əsassızdır, heç birində fakt, dəlil yoxdur. Paylaşanların hamısına yazmışam ki, sübut elə. Mənə deyirlər ki, "sənin balan dünyasını dəyişib, sən burada fakt istəyirsən". Qoyursunuz ki, yasımı saxlayım? Bütün Bakıda biabır olmuşam, balamın yasını saxlaya bilmirəm. Bu qədər yetər. Məni balamın qatili adalandırırdılar, gördülər o söhbət yetmədi. Söhbəti dəyişdilər, indi də intihar deyirlər. Ədalət yerini tapacaq. Mən sübutlarımı tam şəkildə əlimdə saxlamışam və lazımı anda, lazımı yerlərə verəcəyəm. Bu gün axşam Aytənin valideynini, qardaşlarını canlı yayıma dəvət edəcəyəm. İttihamlarını soruşacağam. Mən heç kəsi ittiham etməmişəm, əgər əlimdə fakt varsa, bunu hüquq-mühafizə orqanlarına verərəm, orada-burada yaymaram. Onların işi ancaq qışqırmaq və qara yaxmaqdır. Dünyasını dəyişmiş balamın ruhuna hörmətsizliyə dözə bilmirəm və deyirəm ki, axşam danışacağam. Mənim yoldaşım və övladım dünyasını dəyişib, özüm də "qatil" adlandırılıram, amma fakt yoxdur. Bu gün nələr çəkdiyimə heç kim baxmır, - R. Niftəliyev etirazını bildirib.

Aytən Zəhra
Şahanə Rəhimli

Azvision.az


Teqlər: Qadın   Uşaq   Qətl  





Xəbər lenti