"Qızıl körpü Azərbaycan": Özbək kanalı ölkəmizə veriliş həsr edib – VİDEO

      "Qızıl körpü Azərbaycan":    Özbək kanalı ölkəmizə veriliş həsr edib –    VİDEO
  03 Sentyabr 2021    Oxunub:5407
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsilə avqustun 26-da bu ölkənin “Mədəniyyət və mərifət”telekanalında “Oltin ko'prik: Ozarbayjon” (Qızıl körpü Azərbaycan) adlı veriliş yayımlanıb.
Verilişdə türk dünyasının dili, dini, mədəniyyəti və adət-ənənələri bir-birinə yaxın olan, ortaq dəyərlərə malik iki aparıcı dövləti – Azərbaycanla Özbəkistan arasındakı tarixi dostluq işıqlandırılıb.

Ekran işində hər iki ölkəni təmsil edən tanınmış şəxslərin tarix və ədəbiyyatımıza baxışları əksini tapıb, Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Babarəhim Məşrəf, Hüseyn Cavid, Qafur Qulam kimi dahilərin ədəbi əlaqələrin inkişafındakı xidmətlərinə nəzər salınıb.

Daşkənddə yerləşən Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin dosenti, Füzuli adına mərkəzin direktoru Gülbahor Aşurova bildirib ki, 2021-ci il Azərbaycanda prezident İlham Əliyev tərəfindən “Nizami Gəncəvi ili” elan olunub, Özbəkistanda isə prezident Şövkət Mirzəyevin sərəncamı ilə böyük şair Əlişir Nəvainin 580 illiyi geniş qeyd olunacaq. O, hər iki dahi şəxsiyyətin xalqlarımızın ədəbi əlaqələrindəki rolundan söz açıb.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ölkələrimiz arasındakı dostluq əlaqələrinin yüksək səviyyəsindən söz açıb. O, orta əsrlərdən başlayaraq, XX əsrdə, sovet dövründə keçirilən ədəbiyyat və incəsənət onilliklərinə qədər ölkələrimiz arasındakı mədəni və ədəbi əlaqələrdən, müstəqillik dövründə bu istiqamətdə görülən işlərdən, dövlət başçılarının qarşılıqlı səfərlərindən və münasibətlərin inkişaf perspektivlərindən söz açıb.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun professoru Almaz Ülvi Binnətova Özbəkistanla ədəbi əlaqələr və bu istiqamətdə görülmüş işlərdən danışıb.

Verilişdə Daşkənddəki Əlişir Nəvai adına Özbək dili və ədəbiyyat Universitetinin nəzdindəki Füzuli adına Azərbaycan Mərkəzinin fəaliyyəti geniş işıqlandırılıb. Mərkəz hər iki ölkənin ədəbiyyatı, ümumi dəyərləri, bu haqda layihələr barədə məlumatlar yayımlayır.

Proqramda Özbəkistanın məşhur ədəbiyyatşünasları Mamatqul Hazratqulov, İslam Yaqubov, Abdulla Uluqov, Azərbaycan tərəfdən isə Paşa Kərimov, Akif Azalp, Ümid Mirzəyev və başqalarının fikirləri yer alıb.

Azvision.az


Teqlər: Özbəkistan  



Xəbər lenti