Dini liderin gəlirlərini soruşdu, başına (keş)iş açdı...

  Dini liderin gəlirlərini soruşdu,  başına (keş)iş açdı...
  08 Sentyabr 2021    Oxunub:1662
Məscidlərdə, ziyarətgahlarda nəzir qutularına yığılan pullar hara xərclənir? Azərbaycanda bu sual tez-tez verilir. Düzdür, məscid, ziyarətgah nümayəndələri həmin ianələrin qeyd edilən yerlərin saxlanılmasına, bəzi imkansız ailələrə yardım üçün sərf olunduğunu deyirlər. Amma gəlir və xərclər detallı olaraq açıqlanmır.
Azvision.az xəbər verir ki, Rusiyada da bir keşiş eyni tələbi irəli sürüb, ancaq cavabında xidmətdən uzaqlaşdırılıb.

Belə ki, Novoçeboksardakı Müqəddəs Kseniya kilsəsinin 31 yaşlı keşişi Roman Stepanov patriarxdan gəlirlərini açıqlanmasını istəyib, əvəzində kilsədən qovulub. Həm də ona qarşı narkotikdən istifadə, qadınla qeyri-qanuni birgə yaşamaq ittihamı irəli sürülüb.
“Məmurlar, dövlət qulluqçuları gəlir bəyannamələrini yazırlar. Patriarx Kirilin timsalında iyerarxiyanı – mitropolitləri, arxiyepiskopları və yepisokları, keşişləri, bir sözlə, bütün din xadimlərini gəlirləri və əmlakları haqqında bəyannamələr yazmağa çağırıram”, - Stepanov deyib.

Keşişin təklifi faydalı olsa da, cavabı, göründüyü kimi, kifayət qədər sərt verilib. Baxmayaraq ki, Çeboksar-Çuvaş yeparxiyasının mətbuat katibi Zinaida Parşagina keşişin Roman Stepanovun xidmətdən uzaqlaşdırılmasına Rus Pravoslav Kilsəsinin rəhbərindən gəlirlərini açıqlamağı tələb etməsinin səbəb olmadığını deyib: “Burada dini səbəblər var. Kanonik olaraq həyat yoldaşından boşandığı təqdirdə o, keşiş ola bilməz. Üstəgəl, başqa qadınla birlikdə yaşayır, qeyri-qanuni övladı var. Bu, xidmətin qadağan edilməsi üçün əsas təşkil edir. Bundan əlavə, onun narkotik və digər məsələlərlə bağlı da problemləri var idi. Kilsəyə gələnlər, keşişlər ondan şikayətlər edirdilər. Bir il əvvəl bura gələndə ailəsi ilə bağlı həqiqəti gizlətmişdi. Bunlar son günlərdə ortaya çıxdı. Qərar sentyabrın 2-də verilib və yalnız bu gün imzalanıb. Bu qərar onun sosial mediadakı çıxışlarına görə verilməyib”.

Parşagina əlavə edib ki, Roman Stepanovun işinə Rus Pravoslav Kilsəsi baxacaq. O, həmçinin keşişin hansı hallarda xidmətdən uzaqlaşdırıla biləcəyini də izah edib: “Bütün bu məsələlərə baxacaq kilsə məhkəməsi olacaq. Keşiş ailə həyatı qurmamış qızla evlənmək məcburiyyətindədir. Əks halda, bu da xidməti qadağan etmək üçün əsas ola bilər. Biz bu vəziyyətdə, kilsədəki xidmətlə heç bir şəkildə uyğun gəlməyən kəbinsiz həyatla bağlı bütün faktları əldə etmişik".

Roman Stepanov kilsə nümayəndələrini və patriarxı Rus Pravoslav Kilsəsində tüğyan edən yüksək korrupsiya səbəbiylə tövbə etməyə, əmlakları haqqında danışmağa və bəyannamələr verməyə çağırıb. Bu barədə o, “YouTube” kanalında danışıb. Keşiş kilsənin qanunsuzluğun və sui-istifadə hallarının gizlədildiyi qapalı məkan olmağı dayandırmağının vaxtı gəldiyini də qeyd edib.

Azvision.az


Teqlər: Rusiya   Kilsə  





Xəbər lenti