Rejissorun uğrunda film kimi ölüm - Nazirin həlak olmasının detalları

Rejissorun uğrunda film kimi ölüm - Nazirin həlak olmasının detalları
  08 Sentyabr 2021    Oxunub:4013
Bu gün Rusiyanın fövqəladə hallar naziri, ordu generalı Yevgeni Ziniçev Norilskdə keçirilən təlimlər zamanı həlak olub. Azvision.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumat yayan Fövqəladə Hallar Nazirliyi (FHN) nazirin qəhrəmançasına həlak olduğunu bəyan edib.
“Hüznlə bildiririk ki, nazir Yevgeni Ziniçev Norilskdə arktik zonanın fövqəladə hallardan müdafiəsi üzrə idarələrarası təlimlər zamanı xidməti borcunu yerinə yetirərkən, insan həyatını xilas edərək faciəli şəkildə həlak olub”, - nazirlik bəyan edib.

"RT" kanalının "Telegram" səhifəsində hadisə zamanı Norilskdə olmuş müxbir Semyon Senderovun fikirləri dərc edilib. Bildirilir ki, Ziniçev öz operatoru ilə bir qayada dayanıbmış.
- Biz əraziyə FHN təlimlərini işıqlandıran bir qrup jurnalistlə gəlmişdik. Bütün bu müddət ərzində nazir Yevgeni Ziniçevin yanında idik. Bu gün isə Ziniçev yanan hospitaldan evakuasiyanın həyata keçirilməsi üçün FHN işçilərinin təcrübələrini izləyirdi. Orada 14 köçürmə üsulu nümayiş olunurdu. Son məlumata görə, onun yanında duran şəxs qayanın üstündən yıxılıb. Ziniçev qəhrəmanlıq göstərərək, onu xilas etməyə çalışıb. Amma təəssüf ki, daşa dəyərək həyatını itirib ",- müxbir bildirib.

Şahidlər deyirlər ki, heç kim nə baş verdiyini dərhal anlamayıb. Nazir müavini Andrey Quroviç "Rossiya 24" telekanalına verdiyi açıqlamada deyib ki, "Zinçenko hadisə zamanı bir an belə tərəddüd etmədən, nazir kimi deyil, adi xilaskar kimi qəhrəmanlıq göstərərək, hərəkətə keçib. O ömrü boyu belə yaşadı".

FHN-dən “RİA Novosti”yə verilən məlumatda isə bildirilir ki, Ziniçevin həyatını xilas etməyə çalışdığı şəxs məşhur rusiyalı kinorejissor Aleksandr Melnik olub.

Bildirilir ki, Melnik bu gün Rusiya FHN-in bölmələrarası təlimləri olan əraziyə gəlib. O, şimal dəniz marşrutu və Arktikanın inkişafına həsr olunmuş yeni sənədli filmlərin çəkiləcəyi yeri seçmək üçün Norilskə gedibmiş. TASS artıq Melnikin də həyatını itirdiyini yazıb.

Xatırladaq ki, Melnik həm də tanınmış ssenarist olub. O, Rus Film Rejissorları Gildiyasının üzvüdür və daha çox "Yeni torpaq" (2008), "Ərazi" (2015) filmləri ilə tanınır. Rejissor "Nika" Mükafatı laureatıdır həmçinin də "Nika" Kinematoqrafiya Akademiyasının üzvüdür. Melnikin uzun illərdir, Rusiya FHN ilə əməkdaşlıq etdiyi bildirilir.

Bu gün öz peşəkar davranışı ilə Rusiyada gündəmə çevrilmiş 55 yaşlı Ziniçev Leninqradda anadan olub, orta təhsilini bitirdikdən sonra Şimal Donanmasında xidmət edib. O, Sankt-Peterburq Biznes və Hüquq İnstitutunu bitirib. 1987-1991-ci illərdə SSRİ DTX-da xidmət edib. Daha sonra Federal Mühafizə Xidmətində çalışıb.
2006-2015-ci illərdə Rusiya prezidenti Vladimir Putini səfərlərdə müşayiət edib. O həmin illərdə Rusiya Prezidentinin Təhlükəsizlik Xidmətinin şəxsi mühafizəsində işləyib.


2012-2013-cü illərdə Baş Qərargahın Hərbi Akademiyasında xüsusi hazırlıq kursu keçib. 2014-cü ildən FTX-nin Terrorla Mübarizə Xidməti rəhbərinin müavini vəzifəsində çalışıb.

Ziniçev 2015-ci ildə FTX-nin Kalininqrad bölgəsi şöbəsinin rəhbəri təyin edilib. Daha sonra, 2016-cı ildə bu bölgənin müvəqqəti qubernatoru olub. Ancaq 70 gündən sonra ailə vəziyyətinə görə öz istəyi ilə istefa verib. Bundan sonra Ziniçev FTX-nin direktor müavini təyin edilib. 2018-ci ilin may ayında isə Fövqəladə Hallar Nazirliyinin rəhbəri olub.

Bu gün acı bir faciə ilə yadda qalan təlimlər əslində fərqli səbəbdən tarixə düşməliydi. Çünki xilasedicilər ilk dəfə arktik şəraitdə, son dərəcə aşağı temperaturda təlim keçiblər. Təlim təkcə Rusiyanın idarələrarası təcrübəsinin yoxlanması üçün deyil, həm də beynəlxalq xarakter daşıyıb. Rusiyaya Finlandiya, Danimarka, ABŞ, Kanada və Norveç daxil olmaqla 20 ölkədən, Beynəlxalq Mülki Müdafiə Təşkilatının və Dünya Vəhşi Təbiət Fondunun nümayəndələrindən 50 rəsmi şəxs gəlib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ziniçev   Faciə  





Xəbər lenti