Tələbə krediti haqqında hamını maraqlandıran 7 sual

Tələbə krediti haqqında  hamını maraqlandıran 7 sual
  09 Sentyabr 2021    Oxunub:6290
Azərbaycanda əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev “Təhsil Tələbə Krediti Fondunun” yaradılması haqqında Fərman imzalayıb. Fərmana əsasən, Fondun Nizamnaməsi və kapitalı müəyyənləşdirilib. Belə ki, Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 80 milyon manat nəzərdə tutulub.
Tələbələr təhsil kreditlərini bu tədris ilindən etibarən ala biləcəklər. Artıq oktyabr ayından kreditin verilməsi prosesinə başlanılacaq.

Bəs kreditlər kimlərə veriləcək?
“Elm və texnologiya” təqaüdünə layiq görülmüş tələbələrlə görüş keçirilib

Kreditlər öz hesabına təhsil alacaq tələbələrə şamil olunacaq və 2 qrupa bölünəcək: Birinci qrupa sosial həssas qrupa aid olan tələbələr daxildir. İkinci qrup isə standart kredit olacaq. Təhsil kreditində faiz dərəcəsi az olacaq. Sosial həssas qrupa aid olan tələblərin kredit faizləri isə daha da aşağı olacaq.

Kreditlər hansı müddətə qaytarılacaq?

Tələbə krediti 20 il müddətinə qaytara biləcək. Yəni, tələbə ali təhsil müəssisəsini bitirdikdən sonra 20 il ərzində həmin krediti hissə-hissə Fonda qaytara biləcək. Bu və ya digər səbəbdən tələbə hərbi müddətdə olduğu, yaxud işləmədiyi müddətdə Fonda kredit vəsaitini geri qaytarmaq iqtidarında olmazsa, ona möhlət hüququ veriləcək.
Kreditlər veriləndə ilkin mərhələdə tələbənin giriş balı nəzərə alınacaq. Kredit üçün müraciət edəcək tələbələrin yüksək nəticə göstərməsi ilk şərt olacaq.
Fondun Nizamnaməsinə əsasən kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə veriləcək. Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kreditlər birdəfəlik yox, hər tədris ili üzrə ödəniləcək.


Güzəştlər nə olacaq?

Tədris dövründə yaxşı oxuyan tələbəyə güzəştlər də olunacaq. Təhsil tələbə kreditlərinin verilməsi qaydasına əsasən, sosial təhsil krediti alan tələbənin təhsilin normativ müddətində bütün tədris semestrlərində ümumi orta müvəffəqiyyət göstəricisi 91 bal və yuxarı olarsa (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 və yuxarı) tələbə təhsilin normativ müddətində aldığı təhsil tələbə kreditinin 50 faizi hissəsinin ödənişindən azad olunacaq. Standart təhsil tələbə krediti alanlara isə kreditin 25 faizi hissəsinin ödənişində güzəşt ediləcək.
Kreditin məbləğinin yuxarı həddi illik təhsil haqqından çox olmayacaq.

Girov və ya zamin lazımdırmı?

Xeyr.

Kreditlə xaricdə də oxumaq olar?

Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kredit yalnız ölkə daxilində alınan ali təhsilə şamil olunacaq. Ödənişli əsaslarla dövlət ali təhsil müəssisələrində oxuyan tələbələrlə yanaşı, özəl ali təhsil müəssisələrində oxuyan və yüksək peşə təhsili alan tələbələr də təhsil krediti ala biləcəklər.

Təhsil tələbə kreditinin sosial növündən hansı tələbələr yararlana biləcəklət?

Kreditin bu növündən aşağıdakı tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) istifadə etmək hüququna malikdirlər:
- ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
- 3-cü dərəcə əlilliyi olanlar;
- hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olanlar:
- 1-ci və ya 2-ci dərəcə əlilliyi olanlar;
- işsiz kimi qeydiyyatda olanlar;
- yaşa görə əmək pensiyası alanlar;
- yaşa görə sosial müavinət alanlar.


Sosial növə aid olmayan tələbələr isə kreditin standart növündən istifadə edə biləcəklər. Bunlar:
- birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar, digər semestrlər (yarımillər) üçün isə ÜOMG-si 71 bal və yuxarı olanlar (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olanlar);
- illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlərdir.

Təhsil kreditinin verilməsi barədə imtina alan tələbə növbəti semestrdə təkrarən müraciət edə bilər.

Bəs kimlərə kredit verilməyəcək?

Ölkəmizdə oxuyan əcnəbi tələbələrə bu kredit şamil olunmur. Eyni zamanda Azərbaycan Tibb Universitetinin tələbələri də bu krediti ala bilməyəcəklər.

Aytən Zəhra
Azvision.az



Teqlər: Tələbə   Kredit  





Xəbər lenti