11 illik bazadan kolleclərə ixtisas seçimi başa çatır

11 illik bazadan kolleclərə ixtisas seçimi başa çatır
  10 Sentyabr 2021    Oxunub:1175
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə ixtisas seçimi bu gün başa çatır.
Azvision.az -ın məlumatına görə, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur. Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5 ci sayında dərc olunub.

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar. Tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər müsabiqədə buraxılış imtahanında (11-ci siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabi¬qəsinə ümumi balı 40-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər buraxılırlar. “Xoreoqrafiya sənəti” ixtisasının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.

Subbakalavrlar ixtisas seçimində iştirak etmək üçün sentyabrın 10-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları “Abituriyent” jurnalının 7-ci sayından seçə bilərlər.

İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/erizebak/ixtisas2/ internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Abituriyent (həmçinin subbakalavr) ali təhsil müəssisələrinin ixtisas kodlarını seçərkən dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir. Əgər abituriyent hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyirsə, bu halda həmin ixtisas kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. Orta ixtisas təhsili müəssisələrinin isə dövlət hesabına və ya ödənişli əsaslarla qəbul aparılan ixtisaslarının kodları fərqlidir. Hər bir ixtisas kodu ərizəyə ayrıca daxil edilməlidir.

Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər (subbakalavrlar) müsabiqəyə buraxılmayacaqlar.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti