
Dünyanın ən böyük ofis binası sayılan Pentaqonu bəzən "ABŞ-ın ürəyi" adlandırırlar. 11 sentyabr hücumlarında binanın 10 hissəsindən biri zərər gördü. Dünya Ticarət Mərkəzi isə dünyada iki ən yaxşı müdafiə olunan binadan biri sayılırdı. Yəni içi sərnişinlə dolu təyyarələri qaçırıb, ardıcıl terror aktlarını törətmək bu qədər asan olmamalı idi...
Dəhşətli terror aktları 3 minə yaxın insanın həyatına son qoydu, 6 mindən çox amerikalı isə yaralandı. Yuxarı mərtəbələrdə qalan xeyli sayda insan tüstüdən boğulduqları üçün özlərini pəncərələrdən atdılar. Terror aktı nəticəsində Nyu-York şəhərinə dəyən zərərin ümumi həcmi 36 milyard dollar təşkil edib. “Əkiz” binaların dağıntılarının təmizlənməsi isə 8 aydan çox vaxt aparıb. Pentaqonun binasının dağılmış qərb hissəsi 2002-ci ilin sentyabr ayında bərpa olunub.

Federal Təhqiqatlar Bürosu (FTB) təyyarə qaçıranların siyahısını 3 günə tərtib etdi. Rəsmilər həmçinin “Əl-Qaidə” lideri Üsamə bin Ladenin əməliyyatları Əfqanistandakı mağarada planlaşdırdığını açıqladılar. Bu səbəbdən də Vaşinqton tez bir zamanda “Taliban”a qarşı cavab hücumu təşkil ediləcəyini bəyan etdi. FTB ABŞ tarixində ilk dəfə “PENTTBOM” əməliyyatı adlanan genişmiqyaslı araşdırmalara başladı. Şübhəliləri müəyyən etmək isə 72 saat çəkib. Çünki onların bir neçəsi uçuş biletlərində və kredit kartı qeydlərində adlarını dəyişdirməyə çalışmışdı. 2001-ci il sentyabrın 27-də FTB 19 təyyarə oğrusunun milliyyəti və uydurma adları haqqında məlumatları və şəkillərini yaydı. Onlar Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Liviya və Misirdən idilər.

ABŞ-da aparılan xüsusi təhqiqatların nəticələrinə dair 2004-cü ildə dərc edilən məruzədə bildirilir ki, terror aktının qarşısının alınmasına Birləşmiş Ştatların kəşfiyyat xidmətlərinin fəaliyyətində koordinasiyanın olmaması əngəl törədib. Görünür bu səbəbdən idi ki, hadisədən bir müddət sonra ABŞ Prezidenti Corc Buş kəşfiyyat xidmətlərində islahatlar aparılması barədə sərəncam imzalamışdı.

Sentyabrın 11-də baş verən bu hadisələr ABŞ-da “Vətənpərvərlik günü” və “Dualar günü” kimi qeyd olunur. Ümumilikdə isə amerikalılar uzun müddət 11 sentyabr hadisələrinin təsirindən çıxa bilmədilər. Nyu-Yorka ölkənin hər yerindən polislər, xilasetmə qrupları eləcə də sadə vətəndaşlar axın edərək, “Əkiz Qüllələr”in qalıqları altında qalan insan cəsədlərini çıxarmağa, yaralılara yardım etməyə tələsirdilər. Birləşmiş Ştatlarda tarixə düşən kütləvi qanvermə aksiyaları da keçirildi. Bütün ölkə ərazisində matəm tədbirləri və yerli hökumət, ictimai assosiasiyalar, universitet və məktəblər tərəfindən memorial konsertlər təşkil edildi, federal binalarda isə dövlət bayraqları endirildi. Bu hücumlar nəinki Amerika, dünya bazarına da əhəmiyyətli dərəcədə təsir etdi. Nyu-York və Amerika birjaları sentyabrın 17-dək qapalı qaldı.

11 sentyabrdan sonra ABŞ-da ərəblərə və ümumilikdə yaxın şərqlilərə bənzəyən digər insanlara qarşı hücum və nifrət zəminində törədilmış cinayətlərin artması diqqət çəkən məqam oldu. Sinxlər də bu xaosdan əziyyət çəkdilər. Çünki sinx kişiləri ənənəvi olaraq çalmaya bənzər xüsusi hind geyimlərindən istifadə edirlər. Bu da Birləşmiş Ştatlarda bir qayda olaraq müsəlmanlarla əlaqələndirilən əlamət sayılırdı. Hind məbədinin partladılması, insanlara edilən hücumlar, təhqirlər, məscid və başqa dini binaların təhqir olunması, sentyabrın 15-də isə Balbir Sinq Sodhinin qətlə yetirilməsi amerikalıların qəzəbinin göstəricisi idi. Qeyd edək ki, Balbir Sinq Sodhini güllələmişdilər, o da digərləri kimi müsəlman zənn edilən sıravi sinx sayılırdı.

Hücumdan sonra Corc Buş administrasiyası Üsamə Bin Laden və “Əl Qaidə” təşkilatının məhv olunması, digər terror şəbəkələrinin yaranmasının qarşısını almaq üçün dünyada terrorizmlə mübarizə elan etdi. Bu mübarizə həm də terror törədən təşkilatları dəstəkləyən dövlətlərə qarşı iqtisadi və hərbi sanksiyalar tətbiq etmək, terrorçulara qlobal səviyyədə ciddi nəzarəti və kəşfiyyatı gücləndirmək məqsədlərini hədəfləyirdi. Buşun məlum elanı ABŞ-ın beynəlxalq terrorçuluqla mübarizəyə başlamasına - Əfqanıstan, daha sonra İraqda hərbi əməliyyatların həyata keçirilməsi və dünyada intensiv anti-islam təbliğatının aparılması üçün bəhanə oldu.

2002-ci ilin sonunda terror aktlarına qarşı hazırlıq və təxirəsalınmaz tədbirlər üçün Tomas Kinin rəhbərlik etdiyi Terror Aktları üzrə Milli Komitə (9/11 Komitəsi) yaradıldı. 2004-cü il iyulun 22-də isə komitə özünün “9/11 məruzəsi”ni yaydı.

Faciəvi hadisədən 20 il keçməsinə baxmayaraq hələ də əksər ekspertlər tarixə bir sıra müəmmalı məqamları ilə düşən bu hücumların əsas məqsədinin sadəcə strateji binaların məhv edilməsi, minlərlə günahsız insanların kütləvi şəkildə öldürülməsi olmadığını deyirlər. Çünki sonradan "antiterror əməliyyatları" adı altında Əfqanıstan və digər ölkələrdə aparılan uğursuz müharibə və hərbi əməliyyatlar məhz “Əl-Qaidə”nin müəmmalı hücumları ilə başlamışdı. Yəni əslində 11 sentyabr hadisələrinin arxasında kütləvi qırğın törətmək deyil, daha böyük planlar dayanırmış.

Qeyd edək ki, ABŞ ordusu yalnız bu il tam şəkildə Əfqanıstanı tərk etdi. Təəssüf ki, bir zamanlar Talibanı sıxışdırıb sıradan çıxardığını bəyan edən superdövlətin Əfqanıstandan çıxması hərəkatın yenidən hərbi çevriliş etməsilə nəticələndi. Hazırda dünya gündəmi məhz Əfqanıstanda hakimiyyətə yiyələnən və uzun illər terror təşkilatı kimi tanınan "Taliban" hərəkatının orta əsrləri xatırladan əməlləridir. Taliban 11 sentyabr hadisələrinin 20 illiyində terror və zorakılıqlardan uzaq düşən, eləcə də nisbətən sivil ölkəyə çevrilən Əfqanıstanı yenidən 20 il əvvəlki dönəmə qaytardı .









Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


