İran Qarabağa qanunsuz gəlməkdə davam edir- Yeni VİDEO və FOTO sübutlar

 İran Qarabağa qanunsuz gəlməkdə davam edir-  Yeni VİDEO və FOTO sübutlar
  11 Sentyabr 2021    Oxunub:4078
Azərbaycan tərəfi bu ilin avqustunda çox sayda İran yük maşınının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasına qanunsuz keçdiyi barədə məlumat əldə edib.
Azvision.az Caliber.az-a istinadən xəbər verir ki, iyulun 11-dən avqustun 8-dək İrana məxsus 35 maşın (4 yük maşını və 31 yanacaq tankeri) Laçın dəhlizindən 70 dəfə girib və çıxıb.

Giriş-çıxış tarixləri də məlumdur - 11, 14, 16, 17, 20, 21, 27, 28, 29, 31 iyul, həmçinin 3, 4, 5, 6, 7 avqust.

Bundan sonra, bu il avqustun 11-də İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilib. Səfirə nota verilib və İran tərəfinin Azərbaycanla bağlı atdığı qanunsuz addımlardan ciddi narahatlıq ifadə edilib. Səbəb həqiqətən ciddi idi - İran yük maşınları ilə Qarabağa qanunsuz yük daşınması. Birmənalı şəkildə səfirin diqqətinə çatdırıldı ki, Azərbaycan tərəfi, şübhəsiz ki, Azərbaycan-İran münasibətlərinə kölgə salan bu cür faktlardan ciddi narahatdır.

“Nota rəsmi Bakının icazəsi olmadan dost İran İslam Respublikasına məxsus müxtəlif nəqliyyat vasitələrinin Azərbaycanın Qarabağ bölgəsinə davamlı olaraq girməsindən narazılığımızı ifadə edir. Bir müddət əvvəl İran tərəfinə şifahi şəkildə çatdırılan narazılığımız görüş zamanı yenidən səfirin qarşısında qaldırıldı", - XİN mətbuat xidmətinin məlumatında bildirilib.

Rəsmi Bakı görüş zamanı bu kimi narahatlıq doğuran və iki ölkə arasında mövcud yaxın dostluq münasibətlərinin ruhuna uyğun gəlməyən hallara son qoyulması istiqamətində İranın yeni administrasiyasının əməli addımlar atacağını gözlədiyini bəyan edib.

Düz bir ay keçib. İran tərəfi bu kimi hadisələrin qarşısını almaq üçün təsirli tədbirlər görübmü? Rəsmi Bakının etirazlarını nəzarə alıbmı? Lazımi prosedurları həyata keçiribmi? Qətiyyən!


Caliber.az Bakının kəskin etirazına baxmayaraq, İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağa necə davam etdiyini göstərən eksklüziv video görüntülər əldə edib. Məlum olub ki, avqustun 11-dən sentyabrın 10-dək Xankəndinə müxtəlif təyinatlı, xüsusilə, yanacaq və sürtkü yağları daşıyan 58 yük maşını daxil olub, onlardan 55-i sonradan geri qayıdıb.


İranlılar və ermənilər müxtəlif hiylələrə əl atırlar. Məsələn, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına yaxınlaşanda Xankəndinə gedən İran yük maşınlarının dəqiq sayını gizlətmək üçün erməni qeydiyyat nömrələri qoyurlar. Onlara elə gəlir ki, bu hiylə ilə kimisə aldada bilərlər. İranlılar bu nömrələrin yük maşınından yük maşınına ötürülərək təkrarlandığını və bununla bağlı əlimizdə konkret foto-sübutlar olduğunu unudublar


Faktlar təkzibedilməzdir. İran tərəfi indi buna nə cavab verəcək? Yenə dostluq barədə danışacaq, əslində isə heç bir şəkildə dostcasına davranmayacaq?

Qeyd etmək yerinə düşər ki, Bakının müasir video müşahidə sistemlərinə malik olduğunu dəfələrlə bildirməsinə baxmayaraq, İrandan Qarabağa qeyri-qanuni malların köçürülməsi davam edir. Əgər bu özbaşnalıq sülh dövründə, gözümüzün qarşısında baş verirsə, iranlıların İkinci Qarabağ müharibəsi zamanı və torpaqlarımızın təxminən 30 illik işğalı müddətində nə etdiklərini təsəvvürə gətirmək belə qorxuncdur! Axı nüfuzlu dünya mediası, xüsusən də, "The Economist" bir vaxtlar, iranlıların Qarabağın işğalı illərində erməni vandallarının dağıtdığı və sökdüyü hər şey - azərbaycanlıların evlərinin daşlarını, kərpiclərini, tavanını, boruları aldıqları haqda yazmışdı. Yaşayış yerlərindən qovulmuş azərbaycanlıların ev əşyalarını belə almışdılar.

İranlılar bu gün - Laçın dəhlizinin əlimizin içində olduğu vaxtda da Qarabağa yanacaq və sürtkü yağları gətirirlərsə, bu, hərbi əməliyyatlar dövründə erməni tanklarının İran yanacağı ilə işlədiyi anlamına gəlirmi?

Bu yaxınlarda İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zoxurinin sərhəd bölgəsinə səfərini xatırlatmaq yerinə düşərdi. Səfirin iki ölkə arasında sərhəd mübahisələrinin davam etməsindən narahatlığını ifadə etməsini, Azərbaycanın mövqelərini durbinlə necə süzdüyünü yaxşı xatırlayırıq. Gördüyümüz kimi, cənub qonşumuzun "dostcasına" davranışı dəyişməyib.

İranlıların avqust ayında vətəndaşlarını Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında Qarabağda işləmək üçün fəal şəkildə cəlb etdiklərini də xatırlatmaq yerinə düşər.

İran mütəxəssislərinin Azərbaycan tərəfinin Gorus-Qafan avtomobil yolunda nəqliyyatın hərəkətini məhdudlaşdıran məcburi addımından çox narahat olduqlarına dair "IRNA" dövlət agentliyinin təşkil etdiyi vebinarı da unutmadıq. Düzdür, onlar auditoriyaya hərəkətin məhdudlaşdırılmasının Azərbaycan sərhədçisinə hücumdan sonra asayişi bərpa etməklə bağlı olduğunu xatırlatmağı unutmuşdular. Vebinar iştirakçıları öz mülahizələrində "İran regional güc olaraq, qüvvələr balansını qorumalıdır" deyərək razılığa gəldilər. Yəni açıq mətnlə Azərbaycana qarşı Ermənistanı dəstəkləməyə çağırdılar, çünki cari qüvvələr balansı göz qabağındadır.

Aydındır ki, İran ritorikası və təxribatları, əvvəlki məqalələrdən birində qeyd etdiyimiz kimi, daxili qorxularını və qarşısıalınmaz ambisiyalarını rəhbər tutaraq, İranın ölkəmizə müəyyən problemlər yaratdığını şübhə altına almır. Bu ilk növbədə onların özlərinə yaxşı heç nə gətirməyən bir seçimdir.

Bu kontekstdə Rusiya sülhməramlılarının qəribə davranışlarını, yumşaq desək, gözardı edə bilmərik. Axı ermənilər və iranlılar bunları onların gözləri önündə edirlər.

Buradan çıxan nəticə nədir? Onlar ya vəziyyətə, etibar edilən Laçın dəhlizinə nəzarət etmirlər, halbuki buna inanmaq çətindir, ya da çox güman ki, bu onların gizli razılığı ilə baş verir. Onda sülhməramlıların daxil olanları yoxlamamasını, eyni zamanda Qarabağı tərk etmək istəyənlərə əngəl yaratmasını başqa cür necə izah etmək olar? Sülhməramlıların Şuşaya getmək cəhdi səbəbindən separatçılara təslim etdiyi İzaura Balasanyanla bağlı son hadisəni xatırlamaq kifayətdir. Biz çox yaxşı başa düşürük ki, Qarabağda yaşayan ermənilərdən "pasportların" müsadirə edilməsi və ya mənzillərin satışına qadağa qoyulması kimi maneələr erməni əhalisinin bölgədən çıxmasını dayandırmağa xidmət edir.


Vizual nəzarət vasitəsi ilə qeyd edildiyi kimi, 11 iyuldan 8 avqusta qədərki dövrdə 20 minə yaxın erməni Xankəndini tərk edərək Ermənistana gedib və yalnız 15 min insan ora daxil olub.

Sülhməramlılar da bunu görür və başa düşürlər ki, onların müvəqqəti məsuliyyət zonası boşaldılsa, sülhməramlıların Qarabağda qalmasının məqsədəuyğunluğu sual altına düşəcək.

Azərbaycan tərəfi bu gün hər şeyi görür, sənədləşdirir və müvafiq nəticələr çıxarır. İran tərəfinə təkzib olunmayan konkret faktlar təqdim etdik. İran şirkətlərinin Şuşadakı yuxarı "Gövhər Ağa" məscidini qanunsuz olaraq yenidən inşa edərək Azərbaycandan farscaya "çevirdikləri" günlər geridə qaldı, rəsmi Tehran isə utanmadan bunu təkzib etdi. Bu gün hər şeyi görürük. İran indi Azərbaycan xalqına necə cavab verəcək?











Teqlər:





Xəbər lenti