Qarabağda 300 gündə görülən işlər İtaliya mətbuatında

  13 Sentyabr 2021    Oxunub :229
   Qarabağda 300 gündə görülən işlər İtaliya mətbuatında
İtaliyanın “Notizie Geopolitiche” analitik portalında Roma Sapienza Universitetinin Avropa tarixi üzrə fəlsəfə doktoru Dariuş Rahiminianın müəllifi olduğu “Azərbaycan. Üçtərəfli bəyanatdan 300 gün sonra Qarabağda bərpa işləri” sərlövhəli məqalə dərc olunub.
Azvision.az xəbər verir ki, məqalədə müəllif Qarabağ bölgəsinin 1990-cı illərdə Ermənistanın Azərbaycana qarşı hərbi işğalı nəticəsində başlanmış və 2020-ci il noyabrın 9-da Azərbaycan Ordusunun azad etməsi ilə yekunlaşmış münaqişə ilə tanındığını qeyd edərək imzalanmış üçtərəfli bəyanatın hərbi əməliyyatların dayandırılmasına gətirib çıxardığını və nəticədə bütün azad edilmiş ərazilərin Azərbaycan tərəfindən başladılmış sürətli və məhsuldar yenidənqurma yoluna qədəm qoyduğunu bildirir. Qeyd edilir ki, Azərbaycan bu ərazilərdə bərpa, yenidənqurma və müharibədən sonrakı reinteqrasiya mərhələsinə başlayıb və bir milyon azərbaycanlı məcburi köçkünün öz yurdlarına qayıtması üçün əsas şərt sülh, minalardan təmizlənmə və bərpa quruculuq işləridir.

Bu xüsusda, ötən 300 gün ərzində atılmış mühüm addımlardan təfərrüatlı şəkildə bəhs edən müəllif ilk olaraq Qarabağ və Şərqi Zəngəzur bölgələrində 15 min hektardan çox ərazinin minalardan təmizləndiyini, üçtərəfli bəyanatın imzalanmasından sonra 160-a yaxın azərbaycanlı mülkü şəxsin işğal dövründə Ermənistan işğalçı qüvvələri tərəfindən basdırılmış minaların partlaması səbəbindən yaralanıb, həlak olduğunu və hərbi əməliyyatların başa çatmasına baxmayaraq, Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etdiyini diqqətə çatdırır.

Digər mühüm addım kimi cari il sentyabrın 5-də işğaldan azad edilmiş ərazilərdə 7 ay ərzində tikilmiş birinci hava limanı olan Füzuli beynəlxalq hava limanına Bakıdan "Azərbaycan Hava Yolları"na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsinin eniş etdiyini qeyd edən müəllif həmin gündə, eyni zamanda, "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisinin də həmin hava limanına endiyini və bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklərin çatdırıldığını vurğulayır. Laçın və Zəngilanda da hava limanlarının inşa edildiyini deyən müəllif bununla “Azərbaycan Hava Yolları”nın Qarabağ və Şərqi Zəngəzurda yeni həyat qurmaq istəyən məcburi köçkünlər üçün yeni iş yerləri təklif edən ilk şirkətlərdən olduğunu qeyd edir.

İşğaldan azad edilmiş ərazilərdə avtomobil yollarının inşası ilə bağlı həyata keçirilən layihələrə diqqət çəkən müəllif bu istiqamətdə işlərin intensiv şəkildə davam etdiyini, 2,4 və 6 hərəkət zolağından ibarət Əhmədbəyli-Füzuli-Şuşa “Zəfər yolu”nun, Şükürbəyli-Cəbrayıl-Hadrut, Xudafərin-Qubadlı-Laçın-Xanlıq-Qubadlı, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Bərdə-Ağdam, Toğanalı-Kəlbəcər-İstisu kimi yolların çəkildiyini, çətin relyefi nəzərə alaraq həmin yolların üzərində körpü və tunellərin də inşasının aparıldığını bildirir. Üçtərəfli bəyanatda da nəzərdə tutulduğu kimi bölgəni iqtisadi cəhətdən inteqrasiya etmək və xarici ölkələrlə və Azərbaycanın digər şəhərləri və bölgələri, o cümlədən Naxçıvan ilə təmasları və ticarəti asanlaşdırmaq üçün kompleks bir dəmir yolu şəbəkəsinin qurulmaqda olduğunu vurğulayır.

Görülən işlər arasında şəhərsalma sahəsində aparılan fəaliyyətdən bəhs edən müəllif yerlə-yeksan edilmiş, "ruhlar şəhəri" və ya "Qafqazın Xirosiması" kimi tanınan Ağdam şəhərinin baş planının artıq təsdiq edildiyini, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində bir çox tarixi binaların və abidələrin, habelə "Xarıbülbül" və "Qarabağ" mehmanxanalarının bərpa edilərək istifadəyə verildiyini, şəhərdə yeni yaşayış kompleksinin, çoxsaylı bərpa və tikinti layihələrinin icrasına başlanıldığını diqqətə çatdırır.

Müəllif, habelə 2022-ci ilin əvvəllərinə qədər yekunlaşacaq, Zəngilanın Ağalı kəndlərini əhatə edəcək ilk “Ağıllı kənd” layihəsindən bəhs edərək bu inkişaf modelinin işğaldan azad edilmiş digər ərazilərə də tətbiq olunacağını bildirir. Azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı istiqamətində tədbirlərə başlanıldığını, bu xüsusda Ağalıda "Ağıllı kənd" layihəsi çərçivəsində İsrail və İtaliya şirkətlərinin birgə əməkdaşlığı çərçivəsində heyvandarlıq və südçülük müəssisələrinin qurulması istiqamətində iş aparıldığını da bildirir.

Məqalədə, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə 1376 tarixi abidə və arxeoloji əhəmiyyət daşıyan yerlərin müəyyən edildiyi, onların bərpası istiqamətində mühüm addımların atıldığı qeyd olunur. Ərazilərin vaxtilə işğalı səbəbindən keçirilməsi dayandırılmış bəzi ənənəvi mədəni tədbirlərin də yenidən bərpa edildiyini qeyd edən müəllif, bu xüsusda Şuşada “Xarıbülbül” Musiqi Festivalı və Vaqif Poeziya Günlərinin təntənəli şəkildə keçirildiyindən bəhs edir.
Azərbaycan hökumətinin azad edilmiş əraziləri yaşıl enerji zonası elan etdiyini deyən müəllif bu xüsusda, İtaliyanın “Ansaldo” və Böyük Britaniyanın BP şirkətləri ilə bağlanılmış müqavilələrin bölgədə alternativ enerji mənbələri üçün əsas yaratdığını vurğulayır.

Aparılan işlərin fonunda Azərbaycanın qısa müddət ərzində ölkənin sosial-iqtisadi inkişafına töhfə verəcək və bütün dünya ilə iqtisadi və mədəni mübadilələr üçün üfüqləri daha da genişləndirəcək böyük nəticələr əldə etdiyini bildirən müəllif məqaləsini bu fikirlərlə yekunlaşdırır: "Ermənistanın işğalı ilə 30 il ərzində ağrı yaşayan, viran olunan və sistematik məhv edilən torpaqlarda onların azad edilməsindən keçən cəmi 300 gün ərzində həyatın bərpası ilə bağlı Azərbaycanın əldə etdiyi mühüm nəticələr bu ərazilərin Azərbaycana məxsusluğunun bariz nümunəsidir".

Azvision.az

Teqlər: İtaliya   Qarabağ  






Xəbər lenti