"Birgə təlimlər Pakistan və Türkiyədə də keçirilə bilər" - Ekspert

 "Birgə təlimlər Pakistan və Türkiyədə də  keçirilə bilər" -    Ekspert
  14 Sentyabr 2021    Oxunub:1778
"Pakistan, Azərbaycan və Türkiyə silahlı qüvvələrinin iştirakı ilə Bakıda keçirilən "Üç Qardaş-2021" birgə hərbi təliminin əsas məqsədi bu ölkələr arasında müdafiə və əməliyyat qabiliyyətləri sahəsində əməkdaşlığı gücləndirməkdir".
Bunu Azvision.az -a Pakistan, Azərbaycan, Türkiyə Gənclər Forumunun rəhbəri, siyasi ekspert Musavar Hamid Tanoli deyib.

O xatırladıb ki, Azərbaycan Pakistandan “JF17 Thunder " qırıcıları almaqda maraqlıdır. Ekspert İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbədə payı olan Türkiyə istehsalı pilotsuz uçan aparatlarını da qeyd edib.

“Sentybarın 20-dək davam edəcək üçtərəfli birgə hərbi təlimlər Pakistan, Azərbaycan və Türkiyə silahlı qüvvələrinin əməliyyat qabiliyyətinin, hazırlığının və döyüş əməliyyatları texnikasının gücləndirilməsində çox əhəmiyyətlidir. Bundan əlavə, Pakistan, Azərbaycan və Türkiyə arasında müdafiə və hərbi əməkdaşlıq daha da inkişaf edəcək. Bu, üç qardaş ölkənin iştirak etdiyi ilk hərbi təlimdir və buna görə də "Üç Qardaş" adlanır", - ekspert deyib.

O əlavə edib ki, Pakistan, Azərbaycan və Türkiyə arasında xüsusi və səmimi sosial, mədəni, siyasi və hərbi əlaqələr mövcuddur. Bu təlimlər üç ölkə arasında müdafiə sahəsində əməkdaşlığı yaxşılaşdıracaq. Gələcəkdə hərbi əməkdaşlığı daha da gücləndirmək üçün Pakistan və Türkiyədə də birgə təlimlər keçirilə bilər.

"İqtisadiyyat və ticarət sahələrini də əhatə edən əməkdaşlığımızı inkişaf etdirə biləcəyimiz bir neçə addım var. Pakistan, Azərbaycan və Türkiyə iş adamları arasında əməkdaşlıq və anlaşma, qardaş ölkələrdə biznes qurulması. Azərbaycan və Türkiyə iş adamlarını Pakistanda, bizim iş adamlarımızı isə Azərbaycan və Türkiyəyə sərmayə qoymağa təşviq etməliyik. Növbəti addım olaraq Pakistan, Azərbaycan və Türkiyə universitetləri arasında anlaşma memorandum əsasında təhsil əməkdaşlığı gücləndirməliyik.

Daha sonra bu ölkələr üçün çox vacib əhəmiyyət kəsb edən mədəniyyət və gənclər sahəsində əməkdaşlığa diqqət yetirməliyik. Pakistan, Azərbaycan və Türkiyənin gənclər və mədəni mübadilə proqramları vasitəsilə gənclər üç ölkə arasında əlaqələrin inkişafında çox böyük rol oynaya bilər. Mən eyni zamanda Pakistan, Azərbaycan, Türkiyə Gənclər Forumunun qurucusuyam. Məqsəd Pakistan, Azərbaycan və Türkiyə arasında əməkdaşlığı gücləndirməkdir. Üç ölkənin gəncləri arasında əməkdaşlığın gücləndirilməsi layihələrini səbirsizliklə gözləyirəm", - Tanoli vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Azərbaycan   Pakistan   Türkiyə  





Xəbər lenti