Çin Amerika üçün təhlükəsizlik təhdidinə çevrilib

   Çin Amerika üçün təhlükəsizlik təhdidinə çevrilib
  14 Sentyabr 2021    Oxunub:1368
Çin lideri Si Cinpin bir neçə gün əvvəl ABŞ prezidenti Co Baydenlə telefonla danışıb. Telefon danışığı zamanı müxtəlif mövzular müzakirə olunub.
Çin lideri ABŞ prezidentini inandırmağa çalışıb ki, ölkələr arasındakı münasibətlərdə yaranan gərginliyin davamı iki xalqın və dünya dövlətlərinin fundamental maraqlarına cavab vermir. O iki dövlət arasında əməkdaşlığın keçmiş illərdəki axarına qaytarılmasının sülhə və hər iki dövlətə fayda gətirəcəyini vurğulayıb. Baydenin bu çağırışlara necə cavab verdiyi barədə səhih məlumat yoxdur. Ancaq liderlər söhbətin sonunda daimi təmasları davam etdirilməsinin vacib olduğunu söyləyiblər.

Bir qrup ekspert iki dövlət arasında müxtəlif məsələlərlə bağlı ciddi fikir ayrılıqlarının olduqlarını vurğulasalar da, bəzi sahələrdə əməkdaşlıq üçün zəminin varlığını göstəriblər. Misal üçün, Çinlə ABŞ iqlim dəyişiklikləri, pandemiyaya qarşı mübarizə, o cümlədən beynəlxalq və regional məsələlərdə ortaq məxrəcə gələ bilərlər. Ancaq fərqli düşünənlərin sayı daha çoxdur. Çin lideri Baydenlə əməkdaşlığın vacibliyindən danışarkən Pekinin ABŞ-a göndərdiyi yeni səfir Vaşinqtonda çalışacağı ölkənin ünvanına təhqiramiz fikir söyləyib.

Çinin ABŞ-dakı yeni səfiri Tsin Qanın onlayn toplantıların birində verilən suala cavabı belə olub: “Münasibətlərin korlanmasına görə Vaşinqton məsuliyyət daşıyır. Dialoq vasitəsilə problemləri həll etmək lazımdır. Yox əgər dialoq yoluyla problemlər həll olunmursa Amerika administrasiyasının ağzını yumması lazımdır”.

Çin Rusiyanın tərəfini tutdu
Tsin Qan bu ilin iyulun sonundan Vaşinqtona çalışır. O ölkəsinin Amerikada sayca 11-ci səfiridir. Tsin Qan Amerikada səfir təyinatına qədər Çin xarici işlər nazirinin müavini idi.

Məsələni Azvision.az –a şərh edən politoloq Elxan Şahinoğlu deyir ki, ümumiyyətlə Çinlə ABŞ arasında yaranmış gərginliyin tez bir zamanda aradan qalxması real görünmür.



- Səfirin təhqiramiz cümləsi onu göstərir ki, iki ölkə arasında münasibətlərin normallaşması gözlənilmir. İki dövlətin fərqli baxışları və fərqli maraqları var. Doğrudur, yaxın keçmişdə bu ölkələr arasında normal münasibətlər mövcud olub. Vaşinqton “soyuq müharibə” illərində iki böyük güclə - SSRİ və Çinlə eyni zamanda mübarizə aparmaq istəmirdi. ABŞ SSRİ-ni hədəf seçərək 70-ci illərdə Pekinlə münasibətləri normallaşdırdı. Amerikanın Çinə böyük yatırımları başladı. Ancaq SSRİ-nin dağılmasıyla durum dəyişdi. Çin Sovet İttifaqının yerini tutmağa çalışdı, hərbi gücünü artırdı və ətraf ölkələrə əzələ nümayişinə başladı. Belə vəziyyətdə Amerika Çinə yönəlik siyasətini dəyişmək məcburiyyətində qaldı. Amerikada prezidentlərin dəyişməsiylə Pekinə münasibətin müsbətə doğru dəyişəcəyini gözləmək əbəsdir. Çünki Çin Amerika üçün təhlükəsizlik təhdidinə çevrilib.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Çin   ABŞ  





Xəbər lenti