“Büdcə hərbi və quruculuq xarakterlidir” – Ekspert əsas maliyyə sənədini şərh edir

   “Büdcə hərbi və quruculuq xarakterlidir” –    Ekspert əsas maliyyə sənədini şərh edir
  15 Sentyabr 2021    Oxunub:1390
Payız – büdcə müzakirələrinin vaxtıdır. Qanuna görə, gələn ilin büdcəsi sentyabrın 15-nə qədər Nazirlər Kabinetinə, 25-nə qədər Prezidentə, oktyabrın 15-dən gec olmayaraq isə Milli Məclisə təqdim olunmalıdır. Artıq büdcənin əsas parametrləri aydın olduğundan, onları təhlil edib, ilkin nəticələr çıxarmaq mümkündür.
2022-ci ildə icmal büdcənin gəlirləri təxminən 27 milyard, xərcləri təxminən 32 milyard, kəsir 5 milyard manat proqnozlaşdırılır. “Müqayisə üçün qeyd edim ki, bu il icmal büdcənin gəlirləri təxminən 23,8, xərcləri 31, kəsiri isə 7,3 milyard manat idi. Beləliklə, büdcənin gəlirləri təxminən 3,2 milyard, xərcləri 1 milyard manat artıb, kəsiri 2,3 milyard azalıb. Səbəbini başa düşmək üçün ÜDM-in bu və gələn ilki həcmlərini müqayisə etmək lazımdır. Proqnozlara görə, bu il Azərbaycan iqtisadiyyatının 3,4 faiz artacağı gözlənilirsə, gələn il müxtəlif proqnozları tutuşdursaq, həmin rəqəm ortalama 4,5% ətrafında ola bilər. Nominal ifadədə gələn il ümumi daxili məhsulumuzun 87,5 milyard manat olacağı proqnozlaşdırılır. Deməli, ÜDM-in 32,5 faizi dövlət büdcəsinə cəlb olunur. Bu, çox vacib rəqəmdir, çünki pandemiyadan sonrakı bərpa mərhələsində ÜDM-in daha çox hissəsi büdcəyə cəlb edilərsə, iqtisadi dirçəliş ləngiyə bilər”, - bu sözləri gələn ilin büdcə layihəsini şərh edərkən Azvision.az -a iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə deyib.

Ekspert qeyd edib ki, gələn ilin büdcəsində gəlirlərin 52,4%-i neft sektorunun payına düşəcək: “Bu il həmin rəqəm təxminən 54 faiz idi. Göründüyün kimi, neftin payı asta-asta, amma inamla, addım-addım azalır. Neftin özü isə büdcədə kifayət qədər mühafizəkar yanaşma əsasında 45 dollardan hesablanıb. Bu da vacib göstəricidir, çünki neftin qiyməti hər 5 dollar ucuzlaşanda icmal büdcənin gəlirləri 1,5 milyard manat azalır. Ona görə də, elə bir səviyyə götürülməlidir ki, neftin orta illik dalğalanmaları büdcəmizə heç bir təsir göstərməsin. Nəzərə alsaq ki, son vaxtlar “qara qızıl” 70 dollardan aşağı düşmür, üstəlik, dünya iqtisadiyyatı bərpa olunduqca ona təlabat da artmaqdadır, böyük ehtimalla, gələn il büdcəmiz neftin qiyməti sarıdan heç bir problem yaşamayacaq. Əksinə, Neft Fonduna xeyli əlavə vəsait yığılacaq ki, bunu da Qarabağın yenidən qurulması kimi milli layihələrə yönəltmək olar”.

Professor Məhərrəmzadə büdcə xərclərinin strukturunun da maraq doğurduğunu deyir. Onun sözlərinə görə, əmək və sosial ödənişlər üçün nəzərdə tutulan xərclərdə 10,5% artım var. Sadə dilldə bu, o deməkdir ki, maaşlar artırılacaq. Ölkədə ötən ilin sonlarından başlayan qiymət artımı bunu labüdləşdirmişdi. Düzdür, hökumət israrla infliyasiyanın 4-5 faiz aralığında olduğunu deyir, amma hər kəs hiss edir ki, istehlak qiymətləri indeksi vətəndaşların cibinə ağrılı zərbələr vurmaqdadır. Gələn ilin büdcəsində maaş artımının rəsmən nəzərdə tutulması o deməkdir ki, hökumət də problemi bilir və lazım olan addımları atacaq.

İnfliyasiyadan söz düşmüşkən, o, gələn il üçün daha az - 3,6 faiz proqnozlaşdırılır, 2025-ci ildə 3,2 faizə qədər enəcəyi gözlənilir. Başqa sözlə, hökumət qarşıdakı 4 ildə manatın zəifləmək ehtimalının olmadığına eyham vurur. Bütün gələn il ərzində manatın dollara nisbətinin dəyişməyəcəyi də Maliyyə Nazirliyinin proqnozlarında əksini tapıb.

- Digər xərclərin strukturuna gəlincə, büdcənin 12,37 faizi sosial müdafiə və sosial təminat, 4,98 faizi səhiyyəyə yönəldiləcək. Təhsil xərcləri 12,4 faiz artırılacaq. Bunları belə yoza bilərik ki, hökumət gələn il pandemiya məhdudiyyətləri proqnozlaşdırmır və təhsillə bağlı layihələrin sayı artırılıb.
Ən maraqlı bəndlərdən biri müdafiə xərclərimizin 5 milyard manat təşkil etməsidir. Bu, icmal büdcənin 18,5 faizi olmaqla, 2021-ci ildən (15,3 faiz) daha artıqdır. Kifayət qədər maraqlı faktdır: demək ki, müharibənin bitməsinə baxmayaraq, Azərbaycan öz Ordusunu gücləndirməyə və yeni silahlar almağa davam edəcək. Bundan başqa, Qarabağda görüləcək bərpa işləri üçün də büdcədə xüsusi xərclər nəzərdə tutulub.
Ümumiləşdirsək, gələn ilik büdcəsi ilk növbədə hərbi və quruculuq büdcəsidir. Bu da məntiqlidir: Axı biz qurduğumuzu qorumaq və qoruduğumuzu qurmaq mərhələsinə adlayırıq,- Əlibala Məhərrəmzadə vurğulayıb.


Teqlər: Büdcə  





Xəbər lenti