Ermənistanın "ingilis bayrağı" siyasəti

   Ermənistanın  "ingilis bayrağı"  siyasəti
  16 Sentyabr 2021    Oxunub:1144
Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Avropalı məmurlarla görüşmək xatirinə KTMT-yə üzv dövlətlərin xarici işlər və müdafiə nazirlərinin, Təhlükəsizlik Şurası katiblərinin Düşənbədə keçirilən yığıncağına getməyib. Bu informasiyanı yayan “Qraparak” qəzeti Ermənistanın xarici kurs orientasiyası axtarışında olduğunu vurğulayır.
Azvision.az xəbər verir ki, “Qraparak” nəşri Düşənbə görüşündə Ermənistanı yalnız Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın təmsil etdiyini yazır.

"Sərhəddə yaranmış gərginliklə bağlı artıq bir neçə gündür ki, Rusiyada danışıqlar aparan müdafiə naziri Arşak Karapetyanın anasının vəfatına görə belə ölkəyə qayıtmadığı nəzərə alınsa, onda Ararat Mirzoyanın Düşənbədəki görüşlərə qatılmaması heç cür başa düşülmür” - qəzet yazır.

Dünən Xarici İşlər nazirliyinin mətbuat katibi Mirzoyanın Düşənbəyə uçmamasını təyyarənin nasazlığı ilə izah edib ki, nazirliyin özündə gülüş doğuran bu bəyanat absurd və əsassız bəhanə kimi qiymətləndirilib.

"Bəs Armen Qriqoryan necə gedib? Təyyarə nasaz olsaydı belə adi reyslə uçmaq olardı. Onuin məhz avropalı məmurlarla görüşü planlaşdırıldığından Düşənbəyə getmədiyi ehtimal olunur” - “Qraparak” vurğulayır.

“Putin NATO-su"nun tədbirinə sərgilədiyi hörmətsizlik sübut edir ki, Ermənistan hələ də xarici siyasət kursunu müəyyən edə bilmir. İrəvan bir tərəfdən Moskva ilə müttəfiqlik münasibətləri barədə bəyanatlar səsləndirir, digər tərəfdən Qərblə münasibətləri genişləndirmək cəhdləri edir.

Buna baxmayaraq, son məqamda Ararat Mirzoyanın Düşənbəyə yollandığı açıqlanıb. Görünür, həm Moskvadan sərt narazılıq notları eşitməsi, həm də KTMT-də sədrliyin Ermənistana keçməsi reallığı onu öz əvvəlki qərarını dəyişmək məcburiyyətində qoyub.


Sahil İsgəndərov
Azvision.az


Teqlər: KTMT   Mirzoyan  





Xəbər lenti