Sabah Rusiya Dövlət Dumasına seçkilər başlayır

   Sabah Rusiya Dövlət Dumasına seçkilər başlayır
  16 Sentyabr 2021    Oxunub:905
Sentyabrın 17-də VIII çağırış Rusiya Dövlət Dumasına seçkilər başlayır.
Azvision.az xəbər verir ki, “Birlikdə seçirik” şüarı altında keçirilən parlament seçkiləri 3 gün davam edəcək. Paralel olaraq Rusiya subyektlərinin regional və yerli orqanlarına da seçkilər baş tutacaq. Gizli səsvermə yolu keçiriləcək seçkiləri Mərkəzi Seçki Komissiyası təşkil edir. Komissiyanın sədri Ella Pamfilovadır.

Rusiya parlamentinin aşağı palatasına 450 deputat 5 il müddətinə seçilir. Deputatlığa namizəd xarici banklardakı bütün hesablarını bağlamalı, yaxud Rusiya kredit təşkilatlarının hesabına keçirməlidir.Səsvermə məntəqələri sentyabrın 17-də saat 08:00-da açılacaq. Həmin gün yerli vaxtla saat 00:00-da seçkiqabağı təbliğat başa çatacaq. Məntəqələr yerli vaxtla 20:00-da bağlanacaq.

Hazırda MSK-da 14 siyasi partiya qeydiyyatdan keçib. Partiyalar 3910 namizəd irəli sürüb. Təkmandatlı dairələrdə 2062 namizəd var. Əgər namizədlərin ikisi eyni sayda səs toplayarsa, daha əvvəl qeydiyyatdan keçmiş namizəd seçilmiş sayılacaq.

2021-ci il iyulun 1-ə olan məlumata görə, 108 milyon 145 min 648 seçici, eləcə də xaricdə 2 milyon 47 min 140 seçici səsvermədə iştirak üçün qeydiyyata alınıb. Ən çox seçici Moskvada (7 milyon 440 min 212), ən az isə Çukotka Muxtar Dairəsində (32 min 641) qeydiyyatdan keçib.

Bu il 143 xarici ölkədə 348 seçki məntəqəsi qurulub. Xaricdə olan seçicilərin bir hissəsi onlayn da səs verə bilər. Koronavirus pandemiyası ilə əlaqədar bu parlament seçkilərində xarici ölkələrdən və beynəlxalq təşkilatlardan müşahidəçilərin sayı xeyli azdır. Seçkiləri müşahidə etmək üçün təxminən 300 müşahidəçi Rusiyaya dəvət olunub. Onların arasında MDB müşahidəçilər missiyasının tərkibində Milli Məclisin deputatları da var.

Səsvermənin sonuncu günü, sentyabrın 19-da saat 20:00-dan dərhal sonra bülletenlərin hesablanmasına başlanacaq. Ümumi nəticələr isə MSK tərəfindən oktyabrın 4-də elan olunacaq.

Azvision.az


Teqlər: Duma  





Xəbər lenti