Bakıda "ITEC Günü-2021” qeyd edilib

Bakıda "ITEC Günü-2021” qeyd edilib
  17 Sentyabr 2021    Oxunub:1266
Hindistanın müstəqilliyinin 75-ci ildönümünü münasibətilə keçirilən bayram tədbirləri çərçivəsində bu ölkənin Bakıdakı səfirliyi “Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) Günü-2021” ilə bağlı tədbir təşkil edib.
Azvision.az xəbər verir ki, tədbirdə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev, millət vəkili Soltan Məmmədov, bir sıra nazirliklərin nümayəndələri, ITEC məzunları, Azərbaycandakı Hindistan icma birliklərinin rəhbərləri iştirak ediblər.

Səfir Bavitlunq Vanlalvavna çıxışında ITEC proqramının Azərbaycan da daxil olmaqla tərəfdaş ölkələrdən alimlərin potensialının artırılması üçün əhəmiyyətini vurğulayıb. O, həmçinin Hindistanın müstəqilliyinin 75 illiyi münasibətilə ölkə hökuməti tərəfindən “Azadi Ka Amrit Mahotsav” adı altında bayram tədbirlərinin təşkil olunması barədə məlumat verib.

Diplomat, ölkələrimiz arasındakı ikitərəfli ticarətin bu ilin ilk yarısında ötən ilə nisbətən 21 faizdən çox artdığını da vurğulayıb.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev və millət vəkili Soltan Məmmədov tədbirdə çıxış edərək ITEC məzunlarını ITEC təlim kurslarında uğurla iştirak etmələri münasibətilə təbrik ediblər. ITEC məzunları təhsilləri zamanı əldə etdikləri bilikləri öz iş sahələrində istifadə etdiklərini vurğulayaraq Hindistanda keçirilən ITEC təlimləri zamanı yaddaqalan təcrübələrini bölüşüblər.

ITEC Proqramı çərçivəsində Hindistan hökuməti ölkənin ən yaxşı təhsil müəssisələrində çoxsaylı fənlər üzrə 300-dən çox qısamüddətli və ortamüddətli kurslarda iştirak üçün tam maliyyələşdirilən təqaüdlər təqdim edir. ITEC kurslarına qatılmaq üçün hər il Azərbaycandan Hindistana 20-30 iştirakçı səfər edir. Pandemiya başlayandan bu təlim proqramları onlayn rejimə keçib və son bir ildə e-ITEC proqramlarında Azərbaycanın 90-dan çox hökumət rəsmisi iştirak edib.

25-45 yaş arası Azərbaycan Hökumət rəsmiləri ITEC kurslarına müraciət edə bilərlər. İştirak etmək istəyənlər onlayn ərizə formasını doldurmalı və doldurulmuş formanın bir nüsxəsini əlaqədar Nazirlik vasitəsilə səfirliyə təqdim etməlidirlər.
e-ITEC kursları, Qaydalar və Şərtlər və s. haqqında daha çox məlumatı https://www.itecgoi.in/e-itec saytında əldə etmək olar.


Azvision.az




Teqlər: Hindistan   İTEC  





Xəbər lenti