Zaxarova Kremlin siyasətindən kənara çıxa bilməz

Zaxarova Kremlin siyasətindən kənara çıxa bilməz
  17 Sentyabr 2021    Oxunub:1189
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ənənəvi brifinqində erməni jurnalistlərin təxribatçı suallarına cavab verib. Onlar onlayn formatda verdikləri suallarda həmişəki kimi Zaxarovadan Azərbaycan əleyhinə cavab qoparmağa çalışıblar.
“Rusiyanın Azərbaycanın Gorus-Qafan yolunu bağlamasına münasibəti necədir” sualına Zaxarova diplomatic şəkildə cavab verərək Azərbaycanı ittiham etməkdən çəkinib. O sadəcə deyib ki, Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşməsini istəyir və bu məsələdə vasitəçi olmağa hazırdır. Daha sonra yayılan məlumata görə həqiqətən Moskva sərhədin delimitiasiyası və demarkasiyası məqsədilə təkliflərini Bakıya və İrəvana göndərib.

Erməni jurnalistin digər-“Rusiyanın Azərbaycanın Türkiyə ilə birgə Laçında təxribatçı təlimlərinə münasibəti necədir” sualına isə Mariya Zaxarovanın cavabı belə olub ki, Rusiya haqqında danışılan təlimlə bağlı mövqeyini Bakının diqqətinə çatdırıb. Yəni Zaxarova dolayısıyla demək istəyib ki, Rusiya Laçında Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən narahat olub. Buna baxmayaraq, XİN rəsmisi erməni mediasının manipulyasiya imkanlarını nəzərə alaraq cavabına bu cümləni də əlavə edib: “Azərbaycanlı həmkarlarımızla daima təmasdayıq, ona görə əlavə şərhə ehtiyac duymuram”.

Ermənilər istəyərdi ki, Mariya Zaxarova hər iki suala “Gorus-Qafan yolunun bağlanması doğru deyil, Azərbaycan yolu açmalıdır” və “Laçında Azərbaycan-Türkiyə birgə hərbi təlimləri sülhə və sabitliyə zərbədir” şəklində cavab versin. Zaxarova ara-sıra ağzından Azərbaycan əleyhinə söz qaçırır. Ancaq o, Kremlin siyasətindən kənara çıxa bilməz. Bu siyasət isə ondan ibarətdir ki, Emənistan strateji müttəfiq olsa da, Azərbaycan da tərəfdaşdır və rəsmi Bakını qıcıqlandırmaq olmaz. Halbuki, Rusiya hərbçilərinin Qarabağdakı hərəkətləri bizdə qıcıq oyadır, onların Laçınımızda “pilotsuz uçuş aparatlarına qarşı hərbi təlimləri” münasibətlərə zərbə vurur. Odur ki, Mariya Zaxarova da bilməmiş deyil ki, Laçında Azərbaycan-Türkiyə birgə hərbi təlimləri Rusiya hərbçilərinin təxribatına cavabdır.

Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri
Azvision.az



Teqlər: Təlim   Zaxarova   Rusiya   Azərbaycan  





Xəbər lenti