Ermənistanda KTMT-ni mənasız qurum sayırlar

   Ermənistanda KTMT-ni mənasız qurum sayırlar
  17 Sentyabr 2021    Oxunub:1104
KTMT-də sədrlik postunu qəbul edən baş nazir ölkəmizin real problemlərini gündəmə gətirmirsə, onda belə mənasız qurum bizim nəyimizə lazımdır? Ermənistan rəhbərliyinə bu sualı ünvanlayan erməni şərhçi Samvel Ohanesyan imtiyazlı boş-bekar adamlar kateqoriyasına aid olan şəxslərin belə təşkilatların tədbirlərində mənasız hesabatlarla çıxış etdiklərini bildirib.
Azvision.az xəbər verir ki, Samvel Ohanesyan Ermənistanın baş naziri Nikol Paşinyanın belə bir uğurla öyünə biləcəyini qeyd edib. Tarixi hadisələr nəticəsində yüksək dövlət vəzifəsinə gələn və hətta ikinci dəfə buna nail olan Paşinyan indi də KTMT-nin Düşənbə sammitində qurumda sədrliyə başlaması münasibətilə çıxış edib. Əslində “havanı silkələmək” mahiyyətli bu çıxış öz ölkəsi üçün ürəyi yanan siyasi xadimin maraqlarını əks etdirmir. Onun ümumi sözlərdən ibarət məruzəsi heç bir öhdəliyi özündə ehtiva etməyən konsepsiyadan başqa bir şey deyil.

"Ermənistan tərəfdaşlarına diqqəti birgə ardıcıl işə cəmləməyi təklif edir... Biz vaxtaşırı çoxmərhələli məsləhətləşmələrin keçirilməsinə böyük əhəmiyət veriririk... Düşünürük ki, birgə bəyanatların qəbul edilməsi təcrübəsi özünü doğruldub və bu təcrübəni genişləndirmək lazımdır... Təhlükəsizlik səviyyəsinin yüksəldilməsi məqsədilə Ermənistan KTMT-yə üzv dövlətlərlə sıx əməkdaşlıq etmək niyyətindədir” - Ohanesyan Nikol Paşinyanın çıxışından sitatlar gətirib.

Erməni ekspert Paşinyanın məruzəsini ötən əsrin 80-ci illərindəki partiya rəhbərlərinin mənasız çıxışlarına bənzədib. Onun fikrincə, bir halda ki KTMT-də sədrlik Ermənistana keçib, onda məntiqlə bu qurumun effektliyi, Ermənistan da daxil olmaqla təşkilatın hər bir üzvünün təhlükəsizliyini təminatı ilə bağlı konkret tədbirlərin işlənib-hazırlanması məsələləri qaldırılmalı idi. Çünki Azərbaycan tərəfdən hər güntəhdidlər eşidən Ermənistanın ərazilərində yarım ilə yaxındır ki, azərbaycanlı hərbçilər yerləşiblər.

Ohanesyan bildirir ki, Paşinyanın çıxışında məhz bu reallıqlar, KTMT-nin öz öhdəliklərini, xüsusilə də ötən ilki hərbi əməliiyatlar zamanı yerinə yetirmədiyi barədə məqamlar vurğulanmalı idi. Rusiyanın Xarici İşlər nazirliyinin mətbuat katibi Zaxrova sərhəddə yaşanan insidentlərlə bağlı suala “siz sərhədlərin demrkasiyası ilə məşğul olmalısınız” cavabını verir. Günahkarın adını çəkmək əvəzinə, Rusiyanın Xarici İşlər nazirliyi ümumi sözlərlə kifayətlənir. Sədrlik səlahiyyətlərini təhvil verən Belarus generalı Stanislav Zas isə öz çıxışında KTMT sərhədlərinin perimetri boyu bütün təhlükələrdən danışsa da, Ermənistan-Azərbaycan sərhədində yaşanan hadisələr barədə bir kəlmə də demədi.

Bu məqamları sadalayan Samvel Ohanesyan sual edir: “E-nin (Ermənistanın) B-ni (Belarusu) əvəzləməsindən sonra Azərbaycanın açıq təcavüzünü görmək istəməyən bu mənasız və yararsız təşkilatda bizim ölkə üçün nə isə dəyişəcəkmi? Əgər hətta sədrlik kreslosuna əyləşən baş nazirimiz ölkəmizin problemlərini qaldırmaq istəmirsə, KTMT-dən bir xeyir varmı?”.

Samvel Ohanesyanın Ermənistan baş nazirinin KTMT-nin Düşənbədə keçirilən tədbirində çıxşını məhz bu səpkidə şərh etməsi ondan xəbər verir ki, bütün uğursuzluqlarda özlərindən başqa hamını günahlandıran erməni etnofundamentalistləri bütün dünyanın onlara borclu olduğuna əminlik mərəzindən heç cür qurtula bilmirlər. Mənalı və ya mənasız KTMT-də üzvlük məsələsinə gəldikdə isə, bunu Ermənistanın nə keçmiş, nə indiki, nə də ki, gələcək rəhbərliklərinin müəyyənləşdirmədiyi hamıya yaxşı bəllidir. Elə Samvel Ohanesyana da. Sadəcə daim beşüzlü siyasəti ilə seçilən Ermənistan öz tarixi ənənəsinə yenə də sadiq qalır.

Sahil İsgəndərov
Azvision.az


Teqlər: KTMT   Paşinyan  





Xəbər lenti