Moldova portalı: Oxçuçay Ermənistan tərəfindən çirkləndirilir

      Moldova portalı:    Oxçuçay Ermənistan tərəfindən çirkləndirilir
  17 Sentyabr 2021    Oxunub:963
Moldovanın aparıcı “Tribuna” xəbər portalı Ermənistan tərəfindən Oxçuçayın çirkləndirilməsi barədə məqalə yayıb.
Azvision.az xəbər verir ki, məqalədə ölkənin sərhəd çaylarının azərbaycanlı ekoloqlar tərəfindən monitorinqinin aparıldığı yazılır. Monitorinq zamanı məlum olub ki, Ermənistandakı bəzi sənaye müəssisələrinin kimyəvi tullantıları, Qacaran və Qafan zavodları tərəfindən ağır metalların, sənaye tullantılarının təmizlənmədən çaya axıdılması çay faunasını, ekosistemi məhv edir və insan sağlamlığı üçün son dərəcə təhlükə yaradır.

Bildirilir ki, Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 70 faizi qonşu ölkələrdə transsərhəd su axınları hesabına formalaşıb. Transsərhəd çay olan Oxçuçayın Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalması Azərbaycanın əkin sahələrinin suvarılmasına və içməli su təminatına olduqca mənfi təsir göstərir.

Məqalədə vurğulanır ki, Oxçuçaydan 2021-ci ilin yanvar-iyun aylarında beynəlxalq və yerli laboratoriyalar tərəfindən götürülən su nümunələrində yüksək miqdarda ağır metal, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom aşkar edilib.

Eyni zamanda, məqalədə çaylarının böyük bir hissəsinin Azərbaycan ərazisinə axdığı Ermənistanın hələ də Transsərhəd Su hövzələrinə dair Helsinki Konvensiyasına qoşulmadığı təəssüflə qeyd olunur, Oxçuçayın ekoloji böhranı və kritik vəziyyəti, o cümlədən Ermənistan tərəfindən davamlı çirkləndirilməsinə dair aidiyyəti qurumların məlumatlandırıldığı və bunun qarşısının alınması məqsədilə beynəlxalq təşkilatlara müraciət edildiyi bildirilir.

Azvision.az



Teqlər: Moldova  





Xəbər lenti