“Arşın mal alan” Çin səddini yenidən aşdı - FOTOLAR

      “Arşın mal alan”    Çin səddini yenidən aşdı -  FOTOLAR
  18 Sentyabr 2021    Oxunub:8641
Böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Çin səhnəsində növbəti dəfə təqdim olunub. Sentyabrin 16-da Lanfan şəhərinin “İpək yolu” Beynəlxalq İncəsənət Mərkəzində keçirilən “Bir kəmər, bir yol – Böyük Çin səddi” folklor və incəsənət beynəlxalq festivalında operettanın yeni quruluşda (konsert versiyası) premyerası baş tutub.
Azvision.az xəbər verir ki, Konsert Azərbaycan Mədəniyyət Nazirliyinin, Azərbaycan Respubliksının Çindəki səfirliyinin, Hebey əyaləti Xalq Hökümətinin, Tyantszin şəhər bələdiyyəsinin və “ANN Group”un dəstəyi ilə təşkil olunub.



Azərbaycan Respubliksının Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı öz çıxışında tarixi İpək yolunun bəşəriyyətin mədəni inkişafında, müxtəlif xalqlar arasında mədəni əlaqələrin genişlənməsində mühüm rol oynadığını qeyd edib. O bildirib ki, İpək yolu üzərində yerləşən Azərbaycan öz unikal mədəni irsi, musiqisi və ədəbiyyatı ilə tarix boyu cəlbedici olub.



Görkəmli ictimai xadim, Azərbaycan klasik musiqisinin və müsəlman Şərində operanın əsasını qoyan dahi bəstəkar Üzeyir Hacıbəyli haqqında danışan Səfir Əkrəm Zeynallı qeyd edib ki, Üzeyir bəy həm də Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin yaradıcısıdır. O, “Qafqazın konservatoriyası” olan Şuşa şəhərində böyüyüb. Hələ gənc yaşlarında müsəlman dünyasının ilk operası “Leyli və Məcnun”u qələmə alan Üzeyir Hacıbəyli öz adını dünya musiqi tarixinə həkk edib.



Böyük bəstəkarın doğum günü olan 18 sentyabrın Azərbaycanda Milli musiqi günü kimi qeyd edildiyi, bu münasibətlə ölkəmizdə “Üzeyir Hacıbəyli” musiqi festivalının təşkil olunduğu vurğulanıb. Festival bu ilin 18-24 sentyabr tarixində Qarabağda, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçiriləcək.



Sonra səhnə musiqiçilərin ixtiyarına verilib. Tyantszin şəhəri Mahnı-Opera Teatrının orkestri və vokalistləri “Arşın mal alan” operettasını yeni quruluşda və çin dilində təqdim ediblər. Çinli tamaşaçıların daha yaxşı anlaması üçün əsərin librettosu müasir həyata uyğunlaşdırılıb. Hazırlıq prosesinə 3 aya yaxın vaxt sərf olunub.



Tamaşanın baş məsləhətçisi və koordinatoru Azərbaycan Respublikası Dövlət Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, beynəlxalq müsabiqələr laureatı, əməkdar artist Eyyub Quliyev, baş rejissoru Lanfan şəhəri “İpək yolu” Beynəlxalq İncəsənət Mərkəzinin rəhbəri Klaudiya Yanq, operanın kastinq-direktoru Li Saofey və Lu Şen, orkestrin dirijoru Sun Tsinkay olub. Rolları 1-ci dərəcəli çinli ifaçılar – beynəlxalq müsabiqələr laureatı Van Tszinan (Əsgər rolu), beynəlxalq müsabiqələr laureatı Tszan Yanron (Gülçöhrə rolu) və başqaları oynayıblar. İfaçıların improvizələri, ifalarda istifadə olunan Çin elementləri həyəcan və maraqla qarşılanıb. Konsert böyük anşlaqla keçib.



Qeyd edək ki, “Arşın mal alan” operettası Çin tamaşaçılarına yaxşı tanışdır. Operetta Çində ilk dəfə 1959-cu il mayın 30-da Pekin Eksperimental Teatrında səhnəyə qoyulub. Çox maraqlıdır ki, “Arşın mal alan” Çin səhnəsində oynanan ilk xarici operettadır. Operettanı 1959-cu il ərzində Çinin müxtəlif şəhərlərində Uxan Eksperimental Opera Teatrı və Tyantszin Dövlət İncəsənət Teatrı da daxil olmaqla üç teatr truppası təqdim edib. Əsər sonrakı illərdə də bir neçə dəfə nümayış etdirilib. Sonuncu dəfə 2010-cu ildə Çin Milli Operası truppasının ifasında Pekində tamaşaya qoyulub.

Azvision.az


Teqlər: Arşın-mal-alan   Çin  





Xəbər lenti