"Baden-Baden əməliyyatı": Sarkisyanla bağlı narazılıqlar artır

  18 Sentyabr 2021    Oxunub :628
      "Baden-Baden əməliyyatı":    Sarkisyanla bağlı narazılıqlar artır
Ermənistanın eks-prezidenti, Xocalı qatili Serj Sarkisyanın Aprel döyüşləri zamanı Baden-Badendə istirahət etməsi ilə bağlı informasiya ölkədə narazılığa səbəb olub.
Azvision.az xəbər verir ki, yerli media uzun illər xalqa "qəhrəman" kimi sırınan Sarkisyanın Aprel döyüşlərinin son günündə Baden-Badendə istirahət etməsini rəzalət adlandırıb. Saytlar büdcə pullarının bu cür istirahətlərə xərclənməsini də qınayıb.

Siyasətçilər isə keçmişdə, elə indinin özündə belə bu cür hadisələrin az olmadığını düşünürlər. Sadəcə olaraq oxşar faktlar müəyyən bir zaman keçdikdən sonra üzə çıxır. Məsələn, politoloq Suren Surenyanç ölkədə gündəmə çevrilmiş "Baden-Baden işi" ilə bağlı danışaraq deyib ki, nəinki müharibə zamanı, ümumiyyətlə korrupsiya, istirahət adı altında yeyinti hallarına yol vermək qəbuledilməzdir.

Sarkisyan ifşa olundu: Aprel döyüşlərində Baden-Badendə dincəlirmiş
-Korrupsiya bütün hallarda qəbuledilməzdir. "Baden-Baden əməliyyatı" şübhəsiz ki, jurnalist araşdırması mövzusu olmalıdır. Cəmiyyət Serj Sarkisyan da daxil olmaqla, indiki və keçmiş bütün məmurlarının "macəraları" ilə tanış olmaq hüququna malikdir.

Surenyanç deyib ki, bu cür araşdırmalar yalnız sabiqlərlə məhdudlaşmamalı, yarımçıq və qərəzli olmamalıdır.

-Artıq kifayət qədər burjua əhvalında olanlara baxın. İngiltərənin xarici işlər naziri Dominik Raab Yunanıstan adalarında əyləndiyi üçün işdən çıxarılıb. İndiki hökumətin görkəmli simaları isə özlərinin Yunanıstan "macəralarını" "gizlilik hüququ" hesab edirlər. Bilmirəm araşdıracaqsınız ya yox, amma təkcə "Baden-Baden işi" ciddi məsələ deyil. Korrupsiya bütün hallarda qəbuledilməzdir.

Xatırladaq ki, tanınmış erməni ictimai xadim, "İKM" proqramının koordinatoru Daniyel İohanisyan iki gün öncə eks-prezident və hərbi cinayətkar Serj Sarkisyanla bağlı sensasion faktlar aşkarlayıb. Məlum olub ki, Sarkisyan Aprel döyüşlərinin son günündə Baden-Badendə istirahət edirmiş.
Erməni ictimai xadim qeyd edib ki, Serj Sarkisyanın niyyəti ayın 6-da Berlinə səfər etmək olsa da, eks-prezident bunun əvəzində ayın 5-i Baden-Badenə uçub.



Qeyd edək ki, Sarkisyan Almaniyanın kurort bölgəsi sayılan Baden-Badendə dəfələrlə dincəlib, burada 16 dəfə olub. 2019-cu ildə isə onun məlum şəhərdə mühafizəçiləri ilə çimərlik geyimində fotosu da yayılmışdı.

Erməni mediası Sarkisyanın prezident olduğu dönəmlərdə Baden-Badeni su yoluna çevirməsini yeni yeyinti faktları kimi qiymətləndirib. Saytıar yerli kazinoları da eks-prezidentin sevimli məkanlarından birinə çevirdiyini yazırlar.

Tural Tağıyev
Azvision.az

Teqlər:   Sarkisyan   Baden-Baden   Aprel-Döyüşləri   Ermənistan  







Xəbər lenti