ABŞ-da Üzeyir Hacıbəyli haqqında film hazırlanıb - VİDEO

ABŞ-da Üzeyir Hacıbəyli haqqında film hazırlanıb -    VİDEO
  18 Sentyabr 2021    Oxunub:1674
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu Üzeyir Hacıbəylinin doğum günü (18 sentyabr) münasibətilə ingilis dilində dahi bəstəkara həsr olunmuş qısa film hazırlayıb.
Konsulluqdan Azvision.az -a verilən məlumata görə, filmdə Ü.Hacıbəylinin 1885-ci ildə Qarabağda anadan olduğu və Azərbaycan musiqisinin beşiyi olan Şuşa şəhərində boya-başa çatdığı qeyd olunur. Onun məhz Şuşada muğam musiqisini öyəndiyi və gələcək bəstələrində bundan istifadə etdiyi vurğulanır. 1908-ci ildə o zaman 23 yaşı olan Ü.Hacıbəylinin müsəlman dünyasında ilk opera olan “Leyli və Məcnun” operasının Bakıda səhnəyə qoyulduğu diqqətə çatdırılır. Ü.Hacıbəylinin 1913-cü ildə ilk dəfə səhnələşdirilən “Arşın Mal Alan” operettasının qadın hüquq və azadlıqlarını ön plana çəkərək təbliğ etdiyi və digər ölkələrdə də geniş rəğbət qazandığı bildirilir.

Həmçinin Azərbaycan Demokratik Respublikasının 1918-20-ci illərdəki qısamüddətli fəaliyyəti dövründə Ü.Hacıbəylinin Azərbaycanın müstəqilliyinin ən böyük tərəfdarlarından olduğu vurğulanır. Onun müstəqil Azərbaycanın Dövlət Himnini bəstələdiyi qeyd olunur. Filmdə Ü.Hacıbəylinin 1920-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının əsasını qoyduğu və ölkəmizin ən görkəmli bəstəkarlarını yetişdirdiyi qeyd olunur. Bu səpkidə həmin dövrə aid nadir şəkillər rəngli formatda nümayiş etdirilir. 1945-ci ildə “Arşın Mal Alan” operettasının əsasında ilk filmin hazırlandığı, daha sonra bu filmin 86 dilə tərcümə olunaraq, 136 ölkədə nümayiş etdirildiyi diqqətə çatdırılır. Heydər Əliyev Fondu tərəfindən rəngli formatda bərpa edilən “Arşın Mal Alan” filminin 2015-ci ildə Hollivudda premyerasının keçirildiyi, “Arşın Mal Alan” operettasının isə ABŞ-da tarixdə ən böyük nümayişinin 2013-cü ildə Los Ancelesdə baş tutduğu qeyd olunur.



2015-ci ildə Los Anceles merinin 18 sentyabr tarixini bu şəhərdə Ü.Hacıbəylinin anım günü kimi elan etməsi əks olunur və bununla bağlı imzalanmış bəyannamə nümayiş etdirilir. 2013-cü ildə Google şirkəti tərəfindən Ü.Hacıbəylinin doğum gününün qeyd olunduğu vurğulanır. Filmdə Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Şuşanı işğal etdiyi, Ü.Hacıbəylinin ev muzeyini və abidələrini talan edərək dağıtdığı bildirilir. 2020-ci ildə Azərbaycanın Şuşanı işğaldan azad etdiyi, Ü.Hacıbəylinin abidələrini şəhərə geri qaytardığı və hazırda onun ev muzeyinin bərpa olunduğu diqqətə çatdırılır. Sonda Ü.Hacıbəylinin möhtəşəm irsinin Azərbaycanda və ölkəmizin hüdudları xaricində daim yaşadığı vurğulanır.

Qeyd edək ki, sosial şəbəkələrin inkişafı nəzərə alınaraq effektiv təbliğat işində son illərdə qısa filmlərin önəmi olduqca artıb. Bunu nəzərə alaraq, 2019-cu ildən başlayaraq, Los Ancelesdəki Baş Konsulluğumuz Azərbaycana dair müxtəlif mövzularda 27 film hazırlayaraq geniş şəkildə yayıb. Filmlərin bir çoxu dünyanın digər aparıcı dillərinə də tərcümə olunub.

Azvision.az


Teqlər: ABŞ   Film  





Xəbər lenti