"Qalib xalqın mədəniyyətini Şuşada nümayiş etdiririk" - Nazir

   "Qalib xalqın mədəniyyətini Şuşada nümayiş etdiririk" -    Nazir
  18 Sentyabr 2021    Oxunub:1498
Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı hər il keçirilir. Builki festivalın özəl bir xüsusiyyəti var – artıq doğma Qarabağımız, Şuşamız azaddır. Musiqi festivalını qalib əhval ruhiyyədə keçiririk. Qalib xalqın mədəniyyətini Şuşada da nümayiş etdiririk. Bu festivalın bir konserti də Şuşada təşkil olunur. Bu, tarixi, əlamətdar bir gündür.
Azvision.az xəbər verir ki, bu sözləri sentyabrın 18-də jurnalistlərə açıqlamasında Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün Şuşaya gələn mədəniyyət naziri Anar Kərimov söyləyib.

“Biz çox sevinirik ki, nəhayət, uzun fasilədən sonra Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı Şuşada keçirilir. Azərbaycan xalqı buna sevinir, Üzeyir Hacıbəylinin ruhu şaddır. Bundan sonra Şuşada daha çox festival keçirəcəyik. Beləliklə də Şuşaya onun ruhunu, mədəniyyətini qaytaracağıq. Gələcəkdə mədəniyyət tədbirlərimizi də Şuşada keçirməklə Şuşanın mədəniyyət paytaxtı, mədəniyyətimizin beşiyi, Qafqazın konservatoriyası olmasını dünyaya bir daha nümayiş etdirəcəyik”, - deyə nazir bildirib.

Nazir əlavə edib ki, bu il Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı Bakı və Şuşa ilə yanaşı, Gəncə və Ağdamda da keçiriləcək: “Builki festivalın başqa bir xüsusiyyəti ondan ibarətdir ki, bildiyiniz kimi, bu il Nizami Gəncəvi ili elan edilib və biz çox istərdik ki, bu il beynəlxalq festivalı Nizami Gəncəviyə də həsr edək. Üzeyir Hacıbəyli başda olmaqla, bizim dahi bəstəkarlarımız Nizaminin əsərlərindən, fəlsəfəsindən ilhamlanaraq öz əsərlərini yaradıblar. Buna görə də biz bu il Nizaminin əsərlərinə daha çox diqqət verəcəyik”.

Azvision.az



Teqlər: Şuşa   Mədəniyyət  





Xəbər lenti