Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb
Yeni sistem vasitəsilə bütün tapşırıqların icrasına nəzarətin elektron formada təşkili, hesabat vermənin sadələşdirilməsi, icrası gecikən tapşırıqlar üzrə problemlərin müəyyən edilərək aidiyyəti tədbirlərin görülməsi və onların aradan qaldırılması, nəticə etibarilə yerinə yetirilən işlərin əsaslı qiymətləndirilməsi mümkün olacaq.
Hazırda bütün mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət şirkətləri, publik hüquqi şəxslər yeni yaradılmış Dövlət Nəzarəti İnformasiya Sisteminə qoşulub. Ötən dövrdə onlara sistemdən istifadə ilə bağlı təlimlər keçirilib. Artıq 2021-ci il üzrə icraya nəzarət yeni sistem üzərindən onlayn qaydada həyata keçirilir.
Eyni zamanda, sistem vasitəsilə ölkənin rayonlarının müxtəlif sahələr üzrə cari vəziyyəti və inkişafını xarakterizə edən meyarlar əsasında hazırlanmış əsas səmərəlilik göstəricilərinin tətbiqi ilə qiymətləndirilməsi aparılır. Qiymətləndirmə nəticəsində regionların inkişaf meyilləri, nəzərdə tutulan prioritet istiqamətlərdə işlərin yerinə yetirilməsi vəziyyəti, aktual problemlərin vaxtında aşkar edilməsi və inkişaf üzrə rayonlararası rəqabət mühitinin formalaşdırılması mümkün olacaqdır.
Dövlət Nəzarəti İnformasiya Sisteminin fəaliyyətə başlaması ümumilikdə ölkə üzrə yuxarıda qeyd edilən istiqamətləri əhatə edən mərkəzləşdirilmiş məlumat bazasının yaradılması və idarə olunması, obyektiv və nəticəyönümlü hesabatlılığın təşkilini təmin edəcəkdir.
Bununla yanaşı, göstərilən çərçivədə yerinə yetiriləcək tədbirlərin nəticəsi ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatların sürətləndirilməsi, prioritet sahələr üzrə hədəflərin düzgün müəyyənləşdirilməsi və onlara nail olunma dərəcəsinin ölçülməsi, həmçinin icra edilən işlərin səmərəliliyinin artırılmasında mühüm rol oynayacaqdır.
Azvision.az