Prezident BMT tribunasından Minsk qrupunu tənqid etdi - VİDEO

  24 Sentyabr 2021    Oxunub :441
   Prezident BMT tribunasından Minsk qrupunu tənqid etdi -  VİDEO
ATƏT-in Minsk qrupu Ermənistan və Azərbaycan arasında münaqişənin həllinə nail olmaq məqsədilə 1992-ci ildə təsis edilmişdir. ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə son qoymağa məcbur etmək üçün qətiyyətli addımlar atsaydılar, onda üzərlərinə düşən vəzifələrin icrasına nail ola bilərdilər.
Azvision.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən ümumi müzakirələr zamanı videoformatda çıxışında deyib.



Dövlət başçısı bildirib: "Münaqişə dövründə Ermənistan öz yanaşması və hərəkətləri ilə nümayiş etdirirdi ki, onun yeganə məqsədi status-kvonu saxlamaq və işğalı möhkəmləndirməkdir. Mən dəfələrlə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyi məsələsini qaldırmışdım. Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək üçün Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilmədi.

2018-ci ildə Ermənistanda hərbi cinayətkarlar Köçəryan-Sarkisyan rejimi devrildi. Bizim Ermənistanın yeni hökumətinin ciddi şəkildə danışıqlarda iştirak edəcəyi ilə bağlı müəyyən ümidlərimiz var idi. Biz Ermənistandan gələn istənilən müsbət siqnala cavab verməyə hazır idik. 2018-2019-cu illər keçmiş təmas xəttində ən sakit dövrlərdən biri idi. Lakin, Azərbaycanın müsbət addımlarına baxmayaraq, Ermənistanda rejimin dəyişməsi real dəyişikliklərlə nəticələnmədi. Ermənistanın yeni hökuməti də Azərbaycanla dinc qonşuluq əvəzinə, işğalın davam etdirilməsi yolunu seçdi.

Münaqişənin son iki ili ərzində Ermənistan qəsdən danışıqlar prosesini məhv etdi. Ermənistan hökuməti “Qarabağ Ermənistandır və nöqtə” və “bir qarış belə işğal olunmuş torpaq qaytarılmayacaq” kimi bir sıra təxribatçı bəyanat və hərəkətlərə yol verdi.

Ermənistanın o vaxtkı müdafiə naziri açıq şəkildə Azərbaycanı yeni təcavüz və yeni işğal ilə hədələdi. Ermənistan qəbuledilməz və əsassız “yeddi şərt” irəli sürərək, danışıqlar formatının dəyişdirilməsi, danışıqlara sıfırdan başlanılması və Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə yaradılmış qondarma rejimin danışıqlar prosesinə cəlb edilməsini tələb etdi. Danışıqların formatının və mahiyyətinin dəyişdirilməsi cəhdi Ermənistanın məsuliyyətsiz və təhlükəli hərəkətləri səbəbindən fəaliyyəti iflic olmuş ATƏT-in Minsk qrupunun həmsədrləri üçün xoşagəlməz sürpriz oldu.

Bundan əlavə, Cenevrə konvensiyaları da daxil olmaqla, beynəlxalq hüququn kobud şəkildə pozulması ilə Ermənistan açıq şəkildə qanunsuz məskunlaşdırma siyasətini həyata keçirərək, əsasən Yaxın Şərqdən olan erməni əsilli şəxsləri Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirirdi. İllər ərzində hökm sürən cəzasızlıqdan ruhlanan Ermənistan təcavüzün nəticələrini möhkəmləndirmək və qanunsuz məskunlaşdırmanı sürətləndirmək üçün Ermənistandan işğal olunmuş ərazilərimizə yeni yolun inşa ediləcəyini bəyan edirdi.
2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədi boyu hərbi təxribat törətdi. Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində 13 hərbçi və mülki vətəndaş həlak oldu.

Daha sonra avqust ayında Ermənistanın diversiya qrupu keçmiş təmas xəttini keçərək Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı terror aktları törətməyə cəhd etdi, lakin bunun qarşısı uğurla alındı. Ötən il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsindəki çıxışımda mən xəbərdarlıq etmişdim ki, “Ermənistan rəhbərliyinin düşmən, Azərbaycanofob bəyanatları və təxribatları Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüzə hazırlaşdığını nümayiş etdirir”.

Bundan üç gün sonra - sentyabrın 27-də Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başladı. Buna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı".

Azvision.az

Teqlər: BMT  







Xəbər lenti