Gənclər Təşkilatı Sumqayıtda velo-yürüş keçirib

  24 Sentyabr 2021    Oxunub :346
Gənclər Təşkilatı Sumqayıtda velo-yürüş keçirib
"Sağlam Düşüncə" Gənclər Təşkilatı 22 sentyabr tarixində - “Ümumdünya Avtomobilsiz günü”ndə velo-yürüş keçirib.
Sumqayıt şəhərində "Velo-şəhər: Ekoloji sağlam nəqliyyatın təbliği kampaniyası” adlı layihəsinin başlanğıc mərhələsi kimi keçirilən velo-yürüş Heydər Əliyev parkından start götürüb və Dəniz kənarı bulvarda yekunlaşıb. Velo-yürüşdə Bakıdan və Sumayıtdan 100-ə yaxın həvəskar velosipedçi və media nümayəndələri iştirak edib.

Velo-yürüşə başlamadan öncə layihə rəhbəri Əminə Abdullayeva "Velo-şəhər: Ekoloji sağlam nəqliyyatın təbliği kampaniyası” layihəsi haqqında, Respublika Olimpiya Velosiped Məktəbinin direktor müavini Cavid Allahverdiyev isə veloməktəb haqqında məlumat verib.

Yürüş şəhərin mərkəzi küçələrindən və Dəniz kənarı bulvardan keçməklə 10 km-ə yaxın marşurutu əhatə edib. Yürüşün təhlükəsizliyi Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən təmin olunurdu.



Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Respublika Velosiped Olimpiya Məktəbi, BMT-nin İnkişaf Proqramı (UNDP) və DIM üzrə gənc səfirlərin birgə əməkdaşlığı və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilir.

Nəzəri və praktik hissələrdən ibarət olan layihə çərçivəsində məktəblilərlə birlikdə seminarlar, gənclərlə info-sessiyalar, şəhərdaxili sorğuların aparılması və maarifləndirici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Layihənin əsas məqsədi "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün DÖVLƏT PROQRAMI"-na əsasən şəhərin ekologiyasının mühafizəsi, eləcə də insanların sağlam həyat sürməsinin qayğısına qalmaq və yollarda təhlükəsizliyi təmin etmək məqsədilə əhali arasında uzunmüddətli maarifləndirmə aparmaqdır.



“Sağlam Düşüncə” Gənclər Təşkilatı fəaliyyət göstərdiyi 15 il ərzində əksər layihələrdə şəhər daxilində velo-yürüşlər keçirərək insanlar arasında maarifləndirmənin təşkilində və ətraf mühitin qorunmasının əhəmiyyətinin təbliğində aktiv şəkildə iştirak edib.









Azvision.az

Teqlər:







Xəbər lenti