Ombudsmandan Anım Günü ilə bağlı bəyanat

   Ombudsmandan Anım Günü ilə bağlı bəyanat
  27 Sentyabr 2021    Oxunub:626
27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozmaqla Azərbaycan ərazilərinə növbəti hərbi təcavüzü və mülki yaşayış məntəqələrini ataşə tutması nəticəsində çoxsaylı insan təlafatına səbəb olan müharibənin başlanmasının ildönümü ilə bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyeva bəyanat yayıb.
Azvision.az xəbər verir ki, bəyanatda deyilir:

"27 sentyabr 2020-ci ildə saat 06:00 radələrində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması, yeni ərazilər işğal etmək məqsədilə Azərbaycan ordusunun mövqelərini, habelə mülki əhalinin sıx məskunlaşdığı Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində çoxsaylı günahsız mülki insanlar qətlə yetirildi.

44 gün davam edən müharibə dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Naftalan, Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtər rayonları və şəhər mərkəzləri intensiv şəkildə qadağan olunmuş silahlardan atəşə tutuldu. Cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərlər də uzaq mənzilli raketlərin, ağır artileriya silahlarının atəşinə məruz qaldı. Paytaxt Bakı şəhəri də Ermənistanın raket hücumlarının hədəfi idi.

Müharibə cinayətlərini davam etdirən Ermənistan “Skad” və “İsgəndər-M” tipli ballistik raketlərdən, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli sursatlardan istifadə edirdi ki, nəticədə 11-i uşaq olmaqla 100-dən çox dinc sakin qətlə yetirildi, 450 nəfərdən çox soydaşımız yaralandı. Ağır artileriya atəşi nəticəsində Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən 3410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası dağıdıldı və ya bu hərbi təcavüzdən ciddi ziyan çəkdi.

Beynəlxalq humanitar hüquq normaları, Cenevrə konvensiyaları hərbi əməliyyatların gedişində kombatantların və mülki şəxslərin, hərbi və mülki obyektlərin aydın şəkildə fərqləndirilməsini əsas prinsip kimi tələb etdiyi halda, Ermənistan silahlı qüvvələrinin mülki əhalinin sıx məskunlaşdığı şəhər və rayonları, region üçün stateji əhəmiyyətli Mingəçevir su anbarını, elektrik stansiyası, boru kəmərini və digər obyektləri ağır artileriya qurğularından və raketlərdən istifadə etməklə mütəmadi olaraq atəşə məruz qoyması, müharibə cinayətini törətmiş Ermənistanın beynəlxalq hüquq normalarına saymazyana münasibət göstərdiyini bir daha sübut etdi.

Ermənistan tərəfindən qadağan olunmuş kimyəvi silahlardan istifadə edilməklə, qəsdən törədilmiş kütləvi yanğınlar, ekoloji terror aktları nəticəsində Azərbaycanın Qarabağ bölgəsində ətraf mühit, o cümlədən təmiz su mənbələri fiziki və kimyəvi çirklənməyə məruz qalıb, müxtəlif nadir bitki və heyvan növləri məhv olub, çay və göllərdə özünü tənzimləmə prosesinin dayanması su hövzələrinin bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilməsinə gətirib çıxarmış, ekosid cinayəti törədilib. Beləliklə də təkcə ölkəmizin deyil, bütövlükdə regionun təbiətinə, flora və faunasına ciddi ziyan vurulub.

Azərbaycan ərazisinin 20 faizini 30 ilədək müddətdə işğal altında saxlayan, bir milyondan artıq mülki əhalini öz yurdlarından və evlərindən didərgin salaraq onların bütün fundamental hüquqlarını kobud şəkildə pozan Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən işğal dövründə kənd və şəhərlər dağıdılmaqla yanaşı, mədəni irs nümunələri məhv edilmişdir. İşğal dövründə ərazilərimizə yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular isə 2020-ci ilin 10 noyabr tarixində üçtərəfli bəyanatın imzalandığı gündən bəri 140-dan çox insanın həlak olmasına və yaralanmasına səbəb olub.

Ermənistanın hərbi təcavüzü nəticəsində vaxtilə işğal olunmuş bu ərazilərə basdırılan minaların xəritələrinin tam açıqlanmasından imtina edilməsi, hətta Ermənistan ordusunun həmin ərazilərdən çıxarkən xüsusilə mülki ərazilərə işarələnməmiş minaları basdırması, son günlərə qədər təxribat diversiya qrupları vasitəsilə yeni minaların basdırılmasına cəhd etməsi onların daha çox insan tələfatına yol açmaqda və regionda yeni münaqişə ocaqlarının yaradılmasında maraqlı olduğunu göstərir. Bununla da Ermənistan, beynəlxalq humanitar hüququn fərq qoymadan hücum etmənin qadağan olunması prinsipini, 1949-cu il tarixli Cenevrə Konvensiyalarının I Əlavə Protokolunun tələblərini pozur və beynəlxalq ictimaiyyətə açıq hörmətsizliyi davam etdirir.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində insanların həyatı, sağlamlığı və təhlükəsizliyinə təhdid olan minalı ərazilərlə bağlı narahatlığımı bir daha ifadə edirəm.

Beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn öhdəliklərin vicdanla icrasının və qarşılıqlı anlaşmanın əhəmiyyətini vurğulayaraq, BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasın 2006 və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrinə, BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərinə, habelə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistan hərbi-siyasi rəhbərliyinin təcavüzkar və işğalçı siyasəti nəticəsində törədilmiş insan hüquqları pozuntularının, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozmaqla regionda törətdiyi müharibə cinayətləri ilə bağlı faktların beynəlxalq təşkilatlar tərəfindən araşdırılmasına, Ermənistanı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət bəsləməyə, mülki əhalinin həyat və sağlamlığı üçün təhlükə yaradan, fundamental insan hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş təxribatçı əməllərdən çəkinməyə, Beynəlxalq və regional təşkilatları, xarici ölkələrin Ombudsmanlarını və milli insan hüquqları təsisatlarını Ermənistanın regionda törətdiyi insan hüquqları pozuntularına münasibət bildirməyə, sülh naminə birgə səylər göstərməyə və qlobal həmrəyliyə çağırıram".

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Azvision.az



Teqlər: Ombudsman  





Xəbər lenti