"Azərbaycanın uğuru bizim də uğurumuzdur" - Sabiq səfir

 "Azərbaycanın uğuru bizim də uğurumuzdur"  - Sabiq səfir
  27 Sentyabr 2021    Oxunub:605
"Azərbaycanla Ermənistan arasında bir il əvvəl baş verən müharibə sübut etdi ki, Azərbaycan siyasi cəhətdən müdrik liderə və cəsur orduya malikdir".
Bunu Azvision.az -a açıqlamasında Pakistanın Azərbaycandakı sabiq səfiri Xalid Usman Qayser deyib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi hərbi baxımdan taktiki səviyyədə dəqiqliklə və peşəkarlıqla həyata keçirilən uğurlu bir strategiya olaraq xatırlanacaq.

"Diplomatik cəbhədə dünya əsasən COVİD-19 çağırışı ilə məşğul olarkən, Azərbaycan iki cəbhədə mübarizəyə girdi - həm pandemiya ilə döyüşdü, həm də öz torpaqlarının qanunsuz işğalına qarşı müharibə apardı. Azərbaycan həmin günlərdə diplomatik bacarıqlarını çox uğurla nümayiş etdirdi. Təəssüf ki, biz beynəlxalq sistemin işləmədiyi bir dövrdə yaşayırıq. Beynəlxalq sistem qanunsuz olaraq işğal edilmiş Dağlıq Qarabağ, Cammu və Kəşmir, Fələstin kimi problemlərin həllinə kömək edə bilmədi. Və acınacaqlı hal budur ki, bütün bu mübahisələrlə müsəlman xalqları qarşılaşır", - sabiq diplomat deyib.

Onun sözlərinə görə, bu müharibə Azərbaycan xalqında əminlik, vətənpərvərlik hissinin gücləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir: "Onu da vurğulayım ki, Azərbaycanın uğuru qanunsuz olaraq işğal olunmuş Cammu və Kəşmir, Fələstin xalqına da ümid verir. Beləliklə, İslam ölkələrində bu, müsbət xatırlanacaq. Nəhayət, azərbaycanlılar bilməlidirlər ki, Pakistan həmin sınaq dövründə azərbaycanlı qardaş və bacılarının yanında dayandı. Bununla sübut etdi ki, ehtiyac yarandığı təqdirdə həqiqətən də qardaşlarının yanındadır. Əminəm ki, eyni hal qardaş Türkiyə xalqına da aiddir. Beləliklə, Azərbaycanın uğuru bizim də uğurumuzdur. Allah Azərbaycan xalqına davamlı sülh və firavanlıq nəsib etsin".

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Qarabağ-müharibəsi   Azərbaycan   Pakistan  





Xəbər lenti