Ağoğlan monastırında şəhidlərimizin ruhuna dualar oxunub

Ağoğlan monastırında şəhidlərimizin ruhuna dualar oxunub
  27 Sentyabr 2021    Oxunub:1086
Ermənistan işğalından azad olunan Laçın rayonundakı Ağoğlan monastırında 27 sentyabr – Anım Günü ilə əlaqədar dini mərasim keçirilib.
Azvision.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və maliyyə dəstəyi ilə 27 sentyabr – Anım Günü münasibətilə Alban-Udi xristian dini icmasının üzvlərinin, ictimaiyyət və media nümayəndələrinin Laçın rayonunda yerləşən Ağoğlan monastırına səfərləri təşkil edilib.

Ağoğlan monastırını ziyarət edən icma nümayəndələri burada dini ayinlər icra edib, Vətən müharibəsi şəhidlərinin ruhuna dualar oxuyublar.

Alban-Udi xristian dini icmasının sədri Robert Mobili qeyd edib ki, dini icma olaraq bu, onların Ağoğlan məbədinə ikinci səfəridir. Amma bugünkü ziyarət xüsusi əhəmiyyətə malikdir. Çünki bu səfər ötən il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsinin bir illiyinə təsadüf edir. “Alban-Udi xristian dini icması olaraq 27 sentyabr – Anım Günü ilə əlaqədar ibadətimizdə şəhidlərimizi yad etdik, şamlar yandırdıq, dualar oxuduq. Şəhidlərimizin ruhuna hörmət və ehtiramımızı bir daha ifadə etdik. Heç vaxt unutmamalıyıq ki, biz Qarabağı şəhidlərimizin qanı və canı bahasına işğaldan azad etmişik. Məhz Qarabağdakı bütün məbədlərimizdə, o cümlədən Ağoğlan monastırındakı bugünkü ibadətimiz də Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərimizin fədakarlığı, qazilərimizin şücaəti nəticəsində mümkün olmuşdur. Bizim gücümüz, bizim birliyimizdədir. Çünki bir il bundan əvvəl Vətən müharibəsi başlayanda ermənilər çox cəhd göstərdilər ki, Azərbaycan xalqının haqq işini bütün dünyaya dini və etnik zəmində baş verən bir müharibə kimi təqdim etsinlər. Lakin Azərbaycanda yaşayan bütün dinlərdən və millətlərdən olan insanların Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi ilə düşmən öz istəyinə, məkrli niyyətinə nail ola bilmədi. Nəticədə, Azərbaycan xalqının birliyi - “Dəmir yumruq” düşməni məhv etdi, bizə Zəfər sevincini yaşatdı”, – deyə Robert Mobili bildirib.

V-VI əsrlərə aid alban monastırı olan Ağoğlan məbədi Laçın rayonu ərazisində, Ağoğlan çayının sahilində yerləşir. Tarixi abidə əvvəllər qəsr olub, lakin müxtəlif dövrlərdə dağıntılara məruz qaldığından IX əsrdə kilsə üslubunda yenidən inşa edilərək monastır formasına salınıb.

2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsinin nəticəsi olaraq əzəli və əbədi yurd yerlərimiz kimi tarixi mədəni irsimiz də düşmən işğalından azad edilib. Düşmən 30 ilə yaxın işğal altında saxladığı Qarabağın əsrarəngiz təbiətinə qarşı ekosid, zəngin tarixi, maddi-mədəni və dini abidələrimizə qarşı isə urbisid həyata keçirib, bəzi yerlərdə isə alban-xristian dini irsinə aid abidələrin erməniləşdirilməsinə cəhd göstərib.

Alban-xristian irsinin ən qədim və möhtəşəm nümunələrindən olan Ağoğlan məbədi ermənilərin 30 ilə yaxın işğalı dövründə monastır kimi fəaliyyət göstərsə də, ermənilər bu abidənin ilkin memarlığına da əsassız müdaxilələr edib, məbədin divarlarındakı xristian dininə aid ortaq element və rəmzləri saxlayıb, lakin alban apostol kilsəsinə aid günəş, ay, od, kimi rəmzləri və qədim kitabələri dağıdıb, məbədin altarını və bazilikasını dəyişdirib, divarlara və sütunlara erməni-qriqoryan kilsəsinə aid çoxlu sayda xristian elementlərini kobud şəkildə müncər ediblər. Nəticədə Azərbaycan xalqının qədim dini-tarixi irsinə aid olan Ağoğlan məbədi xeyli dəyişikliyə məruz qalıb.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə qalxdı. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik göstərərək düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycan Ordusunun Zəfər yürüşünə tab gətirməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdi. Həmvətənlərimiz şəhid oldu, itkin düşdü, yaralanaraq sağlamlığını itirdi. 44 günlük Zəfər yürüşündə torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad olundu.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.

Azvision.az



Teqlər:





Xəbər lenti