“Ermənistan rəhbərliyinə şans veririk ki, şərtləri yerinə yetirsin” - Prezident

  “Ermənistan rəhbərliyinə şans veririk ki, şərtləri yerinə yetirsin” -    Prezident
  27 Sentyabr 2021    Oxunub:800
“Bölgədə yaranana yeni reallıqdan ümumi olaraq razıyam. Çünki oradakı əsas məsələlər həll olunub”.
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Anadolu” Agentliyinə müsahibəsində deyib.

Prezident qeyd edib ki, Ermənistan bu bəyanata imza ataraq üzərinə öhdəliklər götürüb: “Bu öhdəliklər məcburi şəkildə həyata keçirdi. Bu öhdəliklərin həyata keçirilməsi müharibədən dərhal sonra olub. O zaman işğal altında olan bölgələrdən erməni qüvvələrinin çıxarılması razılaşmada açıq göstərilirdi. Müharibə bitdikdən sonra 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonları bizə geri verildi. O zaman Ermənistan bu mövzuya çox məsuliyyətli yanaşırdı. Niyə? Çünki qorxu içindəydilər. Çünki bilirdi ki, əgər 10 noyabr tarixində bu bəyanata imza atmasaydı, onların vəziyyəti daha pis ola bilərdi. Yəni bizi durduracaq bir qüvvə yox idi. Müharibə dövründə dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, Ermənistan bizə nə vaxt torpaqlarımızdan çıxmasıyla bağlı tarix versin, təqvim versin. Nə vaxt torpaqlarımızdan çıxırsa, həmin an müharibəni dayandırmağa hazırıq. Bu tarix bizə 9 noyabrda verildi. Ermənistan kapitulyasiya aktına imza atdı və 10 noyabrda müharibə dayandı. Başqa sözlə, o əsas məsələlərin həlli Ermənistanın qorxu içində olmasından qaynaqlanır. Sonra nə oldu? Sülhməramlılar gəldi. Bir müddət keçdi və müharibə bitəndən 15-20 gün sonra Ermənistandan sülhməramlıların olduğu ərazidən, Laçın koridorundan azad edilmiş torpaqlara 62 nəfərlik təxribat qrupu göndərildi. Bu 10 noyabr sənədinə tam ziddir. Azərbaycan Ordusu onları zərərsizləşdirdi və onlar tutuldu. İndi onlara hərbi əsir deyirlər. Amma beynəlxalq konvensiyalara baxsınlar. Hərbi əsir kimlərə deyilir? Onlar hərbi əsir deyil. Müharibə bitdi, 10 noyabr bəyanatı imzalandı. Ondan sonra göndərilən hər hansı əsgər təxribat qrupunun üzvü kimi qəbul olunmalıdır. Bu məsələ həllini tapmadı. Bu, çox vacib məsələdir və təkid edirik ki, həllini tapsın. Tam həllini tapsın. Qismən həllini tapıb”.

Dövlət başçısı bildirib ki, digər mövzu dəhlizlərin açılmasıdır: “9 noyabrdan 10 noyabra keçən gecədə imzalanan bəyanatda açıqca bildirilir ki, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə qurulmalıdır. Bu əlaqə quruldumu? Xeyr. Bu əlaqəni yaratmaq üçün o qədər böyük vaxta ehtiyac yoxdur. Burada quru yolu məsafəsi cəmi 40 km-dir. Biz müharibədən sonrakı 1 ildə min kilometrdən çox yol çəkmişik, həm torpaq, həm də asfalt yol. Orada 40 km-lik yolun açılması böyük problem deyil. Amma buna rəğmən hətta Ermənistan buna razılıq vermir. Müzakirələr nəticəsiz qalır. Ermənistan 10 noyabr Bəyanatının şərtlərini kobudcasına pozur. Biz hələ ki, səbirli davranırıq, təmkinli davranırıq. Lakin bizim səbrimizin də sərhədi var. II Qarabağ müharibəsi göstərdi ki, səbrimiz tükənəndə nələr olur. Başqa sözlə, Ermənistan rəhbərliyinə şans veririk ki, 10 noyabr bəyanatının bütün şərtlərini yerinə yetirsin və məsuliyyətli davransın”.

Azvision.az


Teqlər: İlhamƏliyev  





Xəbər lenti