“Ermənistan Türkiyəyə qarşı torpaq iddiasından vaz keçməlidir” - Prezident

   “Ermənistan Türkiyəyə qarşı torpaq iddiasından vaz keçməlidir” -    Prezident
  27 Sentyabr 2021    Oxunub:782
“Müharibədən əvvəl və sonra Ermənistan rəsmiləri tərəfindən o qədər təzadlı, o qədər yanlış və yalan bəyanatlar oldu ki, onların sayı-hesabı yoxdur. Biz saatlarla belə nümunələr göstərə bilərik. Biz şəhərləri, kəndləri azad edərkən onlar bizim şəhərlərimizi yenidən işğal etdiklərini bildirirdilər. Biz azad edilən şəhərlərimizdə bayrağımızı yüksəltdikdə onlar bunu inkar edirdilər. Yəni ağa qara, qaraya ağ demək onların xarakteridir. Ona görə də açığı, onlar hər hansı açıqlama verəndə biz bunu ciddiyə almırıq”.
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Anadolu” Agentliyinə müsahibəsində Ermənistan Baş nazir Nikol Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək istəməsi barədə suala cavabında söyləyib.

Prezident bildirib ki, analiz etmək, dəqiqləşdirmək lazımdır: “Söhbət bir yalanın, gerçəkləşməyən arzuların, xəyalların və təxribatın sintezindən gedir. Bugünkü Ermənistan budur. Biz deyəndə ki, Ermənistanı uğursuz dövlətdir, beynəlxalq aləmdə bunun adı da var - "failed state", bunu demək istəyirdik. Hər dövlətin dövlətçilik simvollarından biri də məsuliyyətli davranmaqdır, lakin Ermənistanın timsalında bunu görmürük. Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına gəlincə, əlbəttə, biz bütün bölgədə sülh olmasını istəyirik. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi 3+3 platformasının bunun ən gözəl yolu olacağını düşünürəm. Lakin Ermənistan hələlik bunu qəbul etmir. İndi Türkiyə Prezidenti də bildirir ki, Ermənistana şans verilir. Bu təşəbbüsü Azərbaycan, Rusiya, İran dəstəklədi, Ermənistan isə buna qarşı çıxır. Buna qarşı çıxan Ermənistan indi Türkiyə ilə münasibətlərini normalaşdırmaq istədiyini bəyan edir. Əgər normallaşdırmaq istəyirsənsə, ilk olaraq bu təklif müsbət cavab ver. Əks təqdirdə, burada yenə ziddiyyət yaranır, anlaşılmazlıq ortaya çıxır. Əlbəttə, əgər nə zamansa Ermənistan tərəfindən səslənən rəsmi açıqlamalar gerçək siyasətlə uzlaşarsa, o zaman analiz etmək daha asan olacaq. Siz də bilirsiniz ki, Ermənistan Konstitusiyasında Türkiyəyə qarşı torpaq iddiası var. Bundan vaz keçməlidirlər. Öncə Konstitusiyalarını yenidən hazırlayıb qəbul etməlidirlər. Ermənistan kimi gücsüz və tamamilə darmadağın edilmiş ölkə Türkiyə kimi böyük ölkəyə qarşı necə torpaq iddiası irəli sürə bilər? Bu, psixoloji xəstəliyə bənzəyən bir şeydir, bundan vaz keçməlidirlər”.

Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qaşı da ərazi iddialarından vaz keçməli olduğunu vurğulayıb: “Azərbaycanda münasibətlərini normallaşdırmalıdırlar. Türkiyənin hər zaman bölgədə sülh və geniş miqyaslı əməkdaşlığa tərəfdar olduğuna əminəm. Bu gün də belədir. Türkiyədən çox müsbət siqnallar gəlir. Amma Ermənistanda bunu doğru dəyərləndirilməsi lazımdır. Təəssüf ki, savaşdan, İkinci Qarabağ savaşından öncəki 2 illik dövrdə Azərbaycan tərəfindən verilən müsbət siqnallar orada yanlış anlaşıldı, gücsüzlük, zəiflik olaraq qəbul edildi. Əslində isə biz qan tökmək istəmirdik. Biz gücümüzü bilirdik və problemi güc yolu ilə həll edə biləcəyimizi bilirdik. Ermənistan isə buna inanmırdı. İndi də gec deyil. Yeni yaranan reallığı düzgün qavrasın, bu reallığa görə addımlar atsın, xəritəyə baxaraq öz yerini orada tapsın, əgər tapa bilərlərsə, bir nöqtədirlər və buna uyğun addımlar atsın. Bu halda bölgədə geniş miqyaslı əməkdaşlıq mümkün ola bilər. Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, onların bir çox addımları irrasional addımlardır. Yəni gerçəklikdən uzaq, hər hansı bir mifologiyaya, xəyallara və gerçəkləşməyən arzulara əsaslanan bir yanaşmadır. Bunu da siyasət aləmində doğru analiz etmək çox çətindir. Hər halda tibb baxımdan analiz edilərsə, daha doğru olar”.

Azvision.az


Teqlər:





Xəbər lenti