"Şuşa Bəyannaməsi Türkiyə ilə əlaqələrimizi daha da yüksək səviyyəyə qaldırdı”

  "Şuşa Bəyannaməsi Türkiyə ilə əlaqələrimizi daha da yüksək səviyyəyə qaldırdı”
  27 Sentyabr 2021    Oxunub:736
“Hörmətli Prezident Rəcəb Tayyip Ərdoğan əvvəlki illərdə də yüksək platformalardan Azərbaycanın haqlı mübarizəsi haqqında çox geniş məlumatlar paylaşırdı. Bu mövzu onun xarici siyasətlə əlaqədar mövzuları arasında hər zaman bir nömrəli məsələydi. Bu dəfə artıq zəfərdən sonra orada (BM Baş Assambleyasında - AA) bu sözləri söyləməsi bizi sevindirdi. Bu, bir daha göstərir ki, Rəcəb Tayyip Ərdoğan hər zaman Azərbaycanın yanındadır”.
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Anadolu” Agentliyinə müsahibəsində deyib.

Prezidentin sözlərinə görə, müharibənin ilk saatlarında Ərdoğan Azərbaycanın təkbaşına olmadığını, Türkiyənin Azərbaycanın yanında olduğunu bildirdib: “Bu bizə əlavə güc vermişdi, mənəvi güc vermişdi. Türkiyənin Azərbaycan üçün, Azərbaycanın da Türkiyə üçün nə qədər yaxın və candan bir ölkə olduğunu bilirsiniz. 10 illər boyunca biz böyük bir yol qət etdik və əlaqələrimizi ən yüksək səviyyəyə çıxartdıq. Dünya miqyasında buna bənzər işbirliyi, dostluq və qardaşlıq nümunəsi olmadığını söyləmişdim. Tarixləri, etnik kökləri, dilləri eyni olan çox ölkənin olduğunu, fəqət onlar arasında nə qədər ixtilaf, etibarsızlıq və problem olduğunu da söyləmişdim. Etnik, dini, mədəni köklər o ölkələrin qardaş ölkə olacağı mənasına gəlmir. Bu cür nümunələr çoxdur. Həm Orta Şərqdə, həm də postsovet məkanında. Çox güclü bir tarixi və mədəni təməl üzərində belə gözəl münasibətlər sarayını inşa etmək bizim xüsusi xidmətimizdir. Həm hörmətli Prezident Rəcəb Tayyip Ərdoğanın, həm də mənim. Burada təvazökarlıqdan uzaq olmalıyam, bu gerçəkdir. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Türkiyə bizim yanımızda bütün dünyaya mesaj vermiş oldu ki, qarışmayın, müdaxilə etməyin, Azərbaycan haqq yolundadır. Əgər qarışsanız, müdaxilə etsəniz, Türkiyəni görəcəksiniz. Bu, əlbəttə, çox böyük üstünlük idi. İkinci Qarabağ müharibəsindən sonra əlaqələrimiz daha da yüksək pilləyə qalxdı. Müharibə bitdikdən sonra Hörmətli Prezidenti Şuşaya dəvət etdim. O, Şuşaya gələnə qədər başqa ölkələrdən heç kəsin Şuşaya getməyəcəyini söyləmişdim. Hətta Türkiyədən gələnlər olmuşdu, ora getmək istəyirdilər. Onlara söylədim ki, təşəkkür edirəm, amma gözləyin. Qardaşım gəlsin, Şuşaya getsin, sonra yolunuz açıqdır.

Şuşa Bəyannaməsinin imzalanması bizim əlaqələrimizi daha da yüksək səviyyəyə qaldırdı. Şuşa Bəyannaməsi ilə “de-fakto” olan münasibətlərimizi “de-yuri” səviyyəsinə, müttəfiqlik səviyyəsinə yüksəltdik. Onsuz da hər sahədə müttəfiqlik münasibətləri içində idik. Lakin biz bunu rəsmiyyətə çevirdik. Bu, gələcək fəaliyyətlərimiz üçün bir yol istiqamətidir. Biz bu yolla gedəcəyik. Gündən-günə möhkəmlənən əlaqələr, artan ortaq layihələr, bizim həmrəyliyimiz və qardaşlığımızın bütün qonşularımız üçün nümunə olduğunu düşünürəm. Bütün qonşularımız münasibətlərini Türkiyə və Azərbaycan kimi qursaydı, o zaman dünyada heç bir müharibə olmazdı”.

Azvision.az


Teqlər: Prezident  





Xəbər lenti