Quterreş Azərbaycanla Ermənistan arasında dialoqu alqışlayıb

   Quterreş Azərbaycanla Ermənistan arasında    dialoqu   alqışlayıb
  28 Sentyabr 2021    Oxunub:1279
BMT-nin baş katibi Antonio Quterreş ümid edir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində görüşündən sonra iki ölkə dialoqu davam etdirəcək.
Azvision.az xəbər verir ki, müvafiq bəyanatı Baş katibin ofisi yayıb.

"Quterreş Qarabağ münaqişəsindən bir il sonra nazirlər səviyyəsində birbaşa dialoqun bərpasını alqışlayır və ümid edir ki, bu səylər qalan problemləri həll etmək və davamlı sülhə nail olmaq üçün daha geniş dialoqun bir hissəsinə çevriləcək", - bəyanatda vurğulanıb.

Baş katib ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu istiqamətdəki səylərini dəstəklədiyini bildirib. Bölgədəki əhalinin rifahı naminə bütün səviyyələrdə sülhün və əməkdaşlığın təşviqinə diqqət yetirilməsini istəyib.

"BMT davam edən humanitar, yenidənqurma, inkişaf və sülh quruculuğu fəaliyyətləri ilə bu cür səyləri dəstəkləməyə hazırdır", - bəyanatda deyilir.

Xatırladaq ki, Nyu -Yorkda, BMT Baş Assambleyasının 76 -cı sessiyası çərçivəsində ATƏT -in Minsk Qrupunun həmsədrləri xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla əvvəlcə ayrıca, daha sonra birgə görüş keçiriblər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: BMT   Qarabağ  





Xəbər lenti