Vətən müharibəsi ilə bağlı film Latviya telekanalında

Vətən müharibəsi ilə bağlı film Latviya telekanalında
  28 Sentyabr 2021    Oxunub:786
Latviyanın aparıcı “RigaTV 24” telekanalında 27 sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycanın Mədəniyyət Nazirliyi, Bakı Media Mərkəzi və “Azərbaycanfilm” kinostudiyasının birgə istehsalı olan latış dilinə dublyaj edilmiş “Biz” tarixi-sənədli filmi göstərilib.
Azvision.az xəbər verir ki, “Biz” filmində Vətən müharibəsi dövründə 44 gün ərzində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ön cəbhədə qəhrəmancasına döyüşən Azərbaycan əsgəri ilə yanaşı, arxa cəbhədə onu dəstəkləyən vətənpərvər sadə vətəndaşların da ümumi Qələbədə oynadığı rol göstərilir. Filmdə müharibə dövründə fenomenə çevrilən, videosu və fotosu ən çox paylaşılan, ən çox müzakirə olunan sadə insanların müsahibələrinə yer verilib.

Filmin təqdimatından əvvəl, ötən il ölkəmizin özünümüdafiə hüququ çərçivəsində Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təcavüz və təxribatlarının qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini qorumaq üçün cavab tədbirlərinə başladığı barədə məlumat verilir.

Məlumatda Vətən müharibəsinin Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoyduğu, Azərbaycanın ərazi bütövlüyünün təmin edildiyi, bir milyona yaxın məcburi köçkünümüzün əsas hüquqlarının bərpa edildiyi və bununla da BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinin tələblərinin Azərbaycanın özü tərəfindən həyata keçirildiyini və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevi rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin nəticəsində ölkəmizin tarixində yeni bir dövrün başladığı və bununla da tarixi ədalətin bərqərar olunduğu diqqətə çatdırılır.

Daha sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan bütün şəhidlərin xatirəsinin Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsis edilmiş Anım Günündə dərin hörmət və ehtiramla yad edildiyi və “Biz” filminin Vətən müharibəsinə həsr edildiyi bildirilir.

Qeyd edilməlidir ki, “RīgaTV 24” kanalı Latviyada əsasən ictimai-siyasi diskussiya proqramları və sənədli filmlər təqdim edən aparıcı televiziya kanalıdır. Kanal həftənin aktual mövzuları üzrə latviyalı siyasətçilərin gündəlik şərhlərini ictimaiyyətə təqdim edir.

Azvision.az



Teqlər: RīgaTV24  





Xəbər lenti