Qazaxıstanda Anım Günü və Nizami Gəncəviyə həsr olunan təqdimat keçirilib

Qazaxıstanda Anım Günü və Nizami Gəncəviyə həsr olunan təqdimat keçirilib
  28 Sentyabr 2021    Oxunub:899
Qazaxıstanın Türküstan şəhərində “Farab” kitabxanasında Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Anım Gününə və böyük mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş "Şərqin Parlaq Ulduzu" adlı təqdimat mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlı, görkəmli qazax yazıçısı Marhabat Bayğut, tanınmış şair Narmaxan Beqalıulı, Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov və Milli Məclisin deputatları, Ə.Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin rektoru Janar Temirbekova, qardaş ölkələrin dövlət və ictimai xadimləri, ziyalılar iştirak ediblər.

Hörmətli qonağı Akademiya prezidenti Darxan Kıdıralı xüsusi olaraq qarşılayıb.

Görüş 44 günlük Vətən Müharibəsində qəhrəmancasına həlak olan əsgərlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Türk Akademiyası tərəfindən nəfis tərtibatda çap olunan, Nizami Gəncəvinin "Yeddi gözəl” və “Leyli və Məcnun” əsərlərinin qazax dilinə tərcüməsinin yer aldığı yeni nəşrin lenti Milli Məclisin spikeri Sahibə Qafarova, yazıçı Marhabat Bayğut və Darxan Kıdırəlinin iştirakı ilə kəsilib.

Sahibə Qafarova Nizaminin təkcə Türk və İslam dünyasının deyil, bütün bəşəriyyətin qüruru, dünya sivilizasiyasında özünəməxsus yeri olan böyük şəxsiyyət olduğunu qeyd edib.

Öz növbəsində, Akademiya rəhbəri bildirib ki, Türk dünyasının mənəvi birliyini ortaya qoyan Qarabağ zəfərinə aparan yolun ilk günündə belə bir təqdimata toplaşmağın xüsusi anlamı var. Bu gün Türküstanda dahi Nizamini anmaqla bu mənəvi birliyi gücləndirməkdəyik. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin qərarını dəstəkləyərək, Beynəlxalq Türk Akademiyası 2021-ci ili Qazaxıstanda və bütün Türk dünyasında “Nizami İli” elan edib və bununla bağlı yubiley tədbirlərini təşkilatın 2021-ci il üçün Fəaliyyət Planına daxil olunub. Qazax oxuculara təqdim edilən kitab da bu fəaliyyət planı çərçivəsində nəşr olunub. Kitabda yer alan iki poema əslində sovet hakimiyyətinin ilk vaxtlarına – 1940-cı illərdə böyük qazax ədiblərinin tərcüməsi əsasında işıq üzü görüb. Lakin uzun müddət keçib və həmin kitablar köhnəlib və əlçatan deyil. Bunu nəzərə alaraq, Beynəlxalq Türk Akademiyası əsərlərin nəfis tərtibatda yenidən çapına qərar verib.

“Nizami irsi, onun əsrarəngiz yaradıcılığı dünya durduqca aktualdır və öz əhəmiyyətini qoruyur. Onun insanlıq üçün böyük xəzinə olan yaradıcılığı ilə təkcə Azərbaycanın və Türk dünyasının deyil, bütün bəşəriyyətin əvəzsiz mənəvi sərvətinə çevrilib. O, bütün Şərqdə yeni bir ədəbi məktəbin əsasını qoyub. Nizamidən sonra Nəsimi, Füzuli, Nəvayi, Abay və yüzlərlə digər şair və yazıçı onun yaradıcılığından təsirlənərək nəhəng əsərlər yaratmış, onun mütərəqqi fikirlərini inkişaf etdiriblər” - deyə Akademiya rəhbəri bildirib.

Nizaminin şeirləri Tair Jarokov, Kasım Amanjolov, Təken Əlimkulov, Qali Ormanov, Jakan Sızdıkov kimi nüfuzlu qazax şairləri tərəfindən yüksək peşəkarlıqla qazax dilinə tərcümə olunub.

Milli Məclisin sədri Nizami Gəncəvinin bu iki əsərinin qazax dilinə tərcümə olunaraq kitab şəklində çap edilməsinə görə Beynəlxalq Türk Akademiyasının rəhbərliyinə təşəkkürünü ifadə edib. Spiker dahi Azərbaycan şairinin “Xəmsə”sinə daxil olan digər əsərlərin də qazax dilinə tərcümə olunacağına inamını bildirib və Akademiyaya uğurlar arzulayıb.

Tədbirin sonunda Akademiya tərəfindən nəşr olunan Azərbaycana aid digər dəyərli əsərlər qonaqğa hədiyyə edilib.

Azvision.az



Teqlər: Qazaxıstan  





Xəbər lenti