Prezident İlham Əliyev: "Ermənistan özünü yaxşı aparmalıdır"
Dövlətimizin başçısı deyib: “Tarixi torpaqlarımız haqqında danışarkən mən ərazi iddialarından bəhs etmirdim. Siz mənim heç bir çıxışımda buna rast gələ bilməzsiniz. Bununla yanaşı, hər bir ölkə kimi, biz də tariximizi bilməli, gənc nəsil qədim tariximizi bilməli, keçmişdə hansı ərazilərdə yaşadığımızdan xəbərdar olmalı və oralara necə qayıtmalı olduğunu bilməlidir. Əminəm ki, biz oralara qayıdacağıq. Mən artıq bunu demişdim ki, biz ora tanklarla deyil, piyada, avtomaşın və təyyarələrlə gedəcəyik. Vəziyyət normallaşandan sonra, sülh müqaviləsinə nail olunacaqsa, niyə də biz geri qayıtmayaq? Bu, bizim legitim hüququmuzdur”.
Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları var: “Onlar hələ də iddia edirlər ki, “Dağlıq Qarabağ” bizə məxsus deyil. Onlar hələ də iddia edirlər ki, o, ya Ermənistana məxsusdur, ya da ki, “müstəqil” bir qurumdur. Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Belə bir qurum mövcud deyil. Beləliklə, Ermənistan ilk növbədə Azərbaycana qarşı istənilən ərazi iddiasını geri götürməli və özünü yaxşı aparmalıdır. Biz isə adekvat münasibət göstərəcəyik”.
Azvision.az