Qeyri-sabit hava oktyabrın 1-dək davam edəcək

 Qeyri-sabit hava oktyabrın 1-dək davam edəcək
  29 Sentyabr 2021    Oxunub:596
"Son günlər ölkəmizdə tutqun, yağmurlu payız günləri müşahidə edilir. Yayın davamlı quraqlığından sonra yağan yağış həm də çaylarımızı qidalandırır".
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Azvision.az -a bildirib ki, Kürün yuxarı axınından, Qıraqkəsəmən məntəqəsindən keçən suyun həcmi ongünlük normadan 21 faiz çox olub, aşağı axınında, Kür-Şirvan məntəqəsində suyun səviyyəsi isə 10 sm artıb. Daha bol yağışlar ölkənin şimal və şərqində qeydə alınıb.

Onun sözlərinə görə, belə hava şəraiti havanın keyfiyyətinin yaxşılaşmasına, təmizlənməsinə, oksigenlə zənginləşməsinə səbəb olur: "Bu gün səhər saat 10:00-a olan məlumata əsasən, düşən yağıntının miqdarı Lənkəranda 56 (aylıq normanın 33 faizi), Astarada 23, Şabran, Lerikdə 14, Yardımlıda 13, Göytəpədə 10, Quba, Biləsuvarda 9 (aylıq normanın 52 faizi), Qusarda 7, Neftçalada 6, Xaltanda 5, Ağdamda 5, Balakən, Naftalan, Beyləqanda 3, Qobustan, Sarıbaş (Qax), İmişli, Mingəçevirdə 2, Altıağac, Zaqatala, Bərdə, Yevlaxda 1 mm-dək olub".

Xidmət rəsmisi qeyd edib ki, Abşeron yarımadasında isə sutka ərzində yağışın həcmi iki aylıq norma miqdarında olub. Məsələn, Maştağada 50 (aylıq normanın 222 faizi), Bakıda 26 (aylıq normanın 151 faizi), Sumqayıtda 13 mm (aylıq normanın 72 faizi) qeydə alınıb”.

Xidmət rəsmisinin sözlərinə görə, burada maraqlı tendensiya izlənilir. Son onilliklərdə Bakı şəhərində güclü yağışlı günlərin sayı artıb.

“2016-cı il sentyabrın 28-i gün ərzində və 29-da Bakıda bu ay üçün güclü yağış yağıb, düşən yağıntının miqdarı 47 mm təşkil edib ki, bu da aylıq normadan 3 dəfə çoxdur.
2018-ci il sentyabrın 23-də cəmi 4 saat ərzində Bakıda və Abşeron yarımadasında leysan xarakterli intensiv yağış yağıb. Düşən yağıntının miqdarı 34 mm olub ki, bu da iqlim normasının 198 faizini təşkil edib. Dəyişən iqlimin təzahürləri gündəlik həyatımızda artıq daha çox hiss edilir”.

U.Tağıyeva ölkə ərazisində qeyri-sabit, fasilələrlə yağmurlu hava şəraitinin oktyabrın 1-dək davam edəcəyini bildirib.

Azvision.az


Teqlər: Hava   Yağış  





Xəbər lenti