Metro həftəsonları adi rejimdə işləyəcək

   Metro həftəsonları adi rejimdə işləyəcək
  29 Sentyabr 2021    Oxunub:827
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 sentyabr tarixli 280 nömrəli “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq, oktyabrın 1-dən ictimai nəqliyyat, o cümlədən Bakı metropoliteni həftəsonları sərnişindaşıma fəaliyyəti göstərəcək.
Azvision.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" məlumat yayıb. Bildirilir ki, həftəiçi olduğu kimi, istirahət günlərində də metropolitenin stansiyaları saat 06:00-dan 00:00-dək sərnişinlərin girişinə açıq olacaq. Qatarların hərəkət cədvəli, 2019-cu ilin eyni dövrünün qrafikinə uyğun tərtib olunub. Bu səbəbdən qatarlararası interval "Qırmızı" xəttin “28 May-Həzi Aslanov” sahəsində 2 dəqiqə 30 saniyə təşkil edəcək. "Yaşıl" və "Qırmızı" xətlərin kəsişərək birləşdiyi müştərək sahəsi olan “28 May” stansiyasından sonra, “İçərişəhər” və “Dərnəgül” stansiyalarına və əks istiqamətdə qatarlar arasında interval 5 dəqiqəyə bərabər olacaq.

Bildirilib ki, "Bənövşəyi" xətdə qatarların hərəkət cədvəlində dəyişiklik edilməyəcək. Pandemiya şəraiti davam etdiyindən, müəssisə və təşkilatların iş rejimi, o cümlədən təlim-tədris ocaqlarının fəaliyyətində mümkün dəyişikliklərin nəzərə alınması məqsədilə xətlər üzrə müvafiq monitorinqlər həftəsonları davam etdiriləcək.

"Sərnişinlərin axın istiqamətləri və sıxlığı kimi mühüm məsələlər nəzarətdə saxlanılacaq. Zərurət olduqda, mümkün optimal texniki qərarlar veriləcək. Bu xüsusda ehtiyaca uyğun olaraq “Nərimanov” elektrik deposunda nəzərdə tutulan ehtiyat qatarlar xəttə buraxılacaq.

“Bakı Metropoliteni” QSC sərnişinlərinin nəzərinə bir daha çatdırır ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi növbəti yumşalma tədbirlərinin müsbət nəticələrini qorumaq hər birimizdən asılıdır. “COVID-19” virusu ilə əlaqədar xüsusi karantin rejimi davam etdiyindən metodiki göstərişlərin, həmçinin sanitar-gigiyenik normaların tələblərinə ciddi riayət edilməsi vacibdir. Unutmayaq, koronavirusla mübarizədən yalnız birlikdə qalib çıxa bilərik".

Azvision.az



Teqlər:





Xəbər lenti