Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilib

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilib
  29 Sentyabr 2021    Oxunub:885
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Çexiya biznes forumu keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər 2 tərəfdən sənaye, kənd təsərrüfatı, turizm, tekstil və sair sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak edib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan iqtisadiyyatı, son zamanlar ölkəmizdə sahibkarlıq, biznes və investisiya mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar barədə geniş məlumat verib. Nazir müavini Azərbaycan-Çexiya əlaqələrinin uğurla inkişaf etdiyini, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb, biznes forumların, işgüzar görüşlərin və sahibkarların iştirakı ilə keçirilən digər tədbirlərin iqtisadi münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd edib.

Bildirilib ki, Azərbaycanda 30-dək Çexiya kapitallı şirkət fəaliyyət göstərir. Bununla belə maşınqayırma və qida sənayesi, kənd təsərrüfatı, enerji, kimya, əczaçılıq, nəqliyyat-tranzit, turizm, informasiya texnologiyaları, ekologiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Qeyd edilib ki, 1995-2021-ci ilin 3 ayı ərzində Çexiya Azərbaycana 37,2 milyon ABŞ dolları, Azərbaycan isə Çexiyaya 48,2 milyon ABŞ dolları investisiya yatırıb. Niyazi Səfərov çexiyalı iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanaraq müxtəlif sahələrə investisiya yatırmağa dəvət edib.

Çexiyanın xarici işlər naziri Yakub Kulhanek Azərbaycana səfərindən məmnunluğunu bildirib, ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Yakub Kulhanek ölkəsinin iqtisadiyyatı barədə məlumat verib, iş adamları arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. İşgüzar dairələrin iştirakı ilə keçirilən belə tədbirlərin iqtisadi əməkdaşlığın inkişafına, eləcə də yeni əlaqələrin qurulmasına töhfə verəcəyini bildirib.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev xarici investisiyaların təşviqi məqsədilə AZPROMO tərəfindən görülən işlər və həyata keçirilən tədbirlər barədə danışıb, Azərbaycan və Çexiya arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, birgə layihələrin reallaşdırılmasında əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti və sahibkarlara göstərilən dəstək və xidmətlər barədə məlumat verib, KOBİA-nın xarici iş adamlarına və investorlara ölkəmizdə müvafiq qurumlarla əlaqələndirmə, etibarlı yerli tərəfdaşların tapılması və digər istiqamətlərdə dəstək göstərə biləcəyini diqqətə çatdırıb.

Biznes forum iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilib.

Azvision.az



Teqlər: Azərbaycan   Çexiya  





Xəbər lenti