"Bıçaq-raket" Türkiyənin əlində: PKK-nın Ermənistandakı keçmiş nümayəndəsi necə öldürülüb?

  "Bıçaq-raket" Türkiyənin əlində:  PKK-nın Ermənistandakı keçmiş nümayəndəsi necə öldürülüb?
  30 Sentyabr 2021    Oxunub :1819
Sentyabrın 28-də Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) PKK (Kürd Fəhlə Partiyası) terror təşkilatının “mərkəzi komitəsinin” funksionerlərindən biri, “İnterpol”un qırmızı bülleteni üzrə axtarışda olan Əngin Qaraaslanı məhv etmək məqsədilə uğurlu əməliyyat keçirib.
Azvision.az xəbər verir ki, Suriyanın Qamışlı bölgəsində PUA-nın köməyilə aparılan cəza əməliyyatı zamanı Qaraaslanın öz mühafizəçiləri ilə birlikdə sərhədboyu yaşayış məntəqəsi ilə hərəkət etrdiyi “Toyota Land Cruiser” avtomobilinə güclü və dəqiq zərbə endirilib.
Maraqlıdır ki, bu xəbər və ona aid fotoşəkillər yayıldıqdan sonra əsas müzakirələr xüsusi təhlükəli terrorçunun şəxsiyyətindən onun qeyri-adi üsulla aradan götürülməsinə keçib. Bəzi hərbi ekspertlər artıq ağ rəngli avtomobilin bərbad hala düşmuş kuzovunda MKİ-nin Yaxın Şərqdəki xüsusi əməliyyatlarda uğurla istifadə etdiyi Amerika istehsalı R9X-in analoqu olan kinetik hərbi sursatın izlərini sezməyə macal tapıblar. Türkiyə hərbi sənaye kompleksinin “nindza” hərbi sursatının yüksək texniki göstəricilərə malik analoqunu istehsal etməsi barədə əsassız söz-söhbət də elə bundan sonra başlayıb...


İdarə olunan “Hellfire” raketi əsasında yaradılan R9X “bıçaq-raket” (“uçan Ginzu”nun slenq adı belədir) General Atomics şirkətinin “MQ-9 Reaper" raket silahlarının geniş spektrinə daxildir. Bu "bıçaq" Suriyanın İdlib rayonunda Əhməd Həsən əbu Xeyrül-Masrinin məhv edilməsilə yadda qalıb. Məhz R9X “Əl-Qaidə”nin ikinci adamının olduğu "KİA Rio" avtomobilini öz bıçaqları ilə başdan-başa kəsik-kəsik edərək, terrorçunun 2017-ci il fevralın 26-na planlaşdırdığı dağıntı və qurbanların qarşısı alınmışdı.

İki ildən sonra elə həmin raketlə 2000-ci ildə ABŞ-ın “Cole” esminesinə terror hücumunun iştirakçılarından biri Camal əl-Bədəvi öldürüldü.


Hər necə olsa da, Abdulla Öcalanın Dəməşqdəki düşərgələrində təlim keçdikdən sonra qondarma “Kürdüstan Cəmiyyətlər Birliyi Ədalət Divanına” (KCK Adalet Divanı) üzv, daha sonra isə PKK terror təşkilatının Ermənistandakı rəsmi nümayəndəsi olan Heydər Varto ləqəbli Əngin Qaraaslanın öldürülməsi uğurla həyata keçirilib.

Onun məhvedilmə üsulu hələlik sonacan aydın deyil, çünki ABŞ-ın analoji dəqiq zərbələrindən fərqli olaraq, Qaraaslanın avtomobilinin bütün şüşələri çiliklənib, bamperləri qopub, damı əzilib, demək olar, bütün qapıları və yük yeri yararsız hala düşüb. Odur ki, maşının “bıçaq raket”lə deyil, tamamilə başqa, bəlkə də, təsir prinsipinə görə kombinasiya edilmiş fərqli bir silahla vurulduğu ehtimal etmək olar...

Hans Kloss
Nadir Quliyev

Azvision.az

Teqlər: PKK   Terrorçu   Bıçaq-raket  







Xəbər lenti