Bakıda fəal və sağlam yaşlanma ilə bağlı sərgi keçirilir

  01 Oktyabr 2021    Oxunub :360
Bakıda fəal və sağlam yaşlanma ilə bağlı sərgi keçirilir
1 oktyabr- Beynəlxalq Ahıllar Günü ilə əlaqədar Bakıda fəal və sağlam yaşlanma mövzusuna həsr olunmuş fotoşəkillərdən ibarət sərgi təşkil edilib.
Azvision.az xəbər verir ki, sərgi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü əsasında icra olunan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində keçirilir.

Üç gün davam edəcək sərginin açılış tədbiri “Hilton Bakı” otelində baş tutub. Sərgidə layihəyə cəlb edilmiş yaşlı insanların müxtəlif sahələrdə aktiv fəaliyyətlərini, fəal həyat tərzini əks etdirən, peşəkar fotoqraflar tərəfindən çəkilmiş fotoşəkillər təqdim olunur. Məqsəd yaşlanma fenomeni ilə bağlı bir sıra hallarda mövcud olan stereotiplərin və yaşlanmaya şüurlarda ənənəvi yanaşmanın pozitiv təsəvvürlərlə əvəz olunmasını təşviq etməkdir. Nümayiş olunan fotoşəkillər yaşlanmanın ümumi qəbul olunmuş təsəvvürdəki passiv təbiətinə tamamilə əks olan və özündə dinamikliyi, müsbət enerjini və həyatsevərliliyi birləşdirən fəal və sağlam yaşlanma əhval-ruhiyyəsini insanlara çatdırır.

Sərginin açılışı tədbirinə Azərbaycan Respublikası Birinci Vitse-Prezidentinin Katibliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, BMT-nin Əhali Fondunun, digər tərəfdaş qurumların nümayəndələri, layihənin müxtəlif fəaliyyətlərinə cəlb olunmuş yaşlı şəxslər, media mənsubları qatılıb.

İştirakçılara fəal yaşlanma barədə məlumat verilib, bu anlayışın nəinki ayrı-ayrı insanların, bütün cəmiyyətin rifahı və tərəqqisi üçün mühüm əhəmiyyətə malik olması vurğulanıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin nümayəndəsi Fərqan Abaszadə “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, layihə yaşlı şəxslərin fəal və sağlam həyat tərzi keçirməsinə yönəlik müxtəlif dəstəkləyici və inklüziv tədbir və proqramları əhatə edir. Ən başlıcası isə bu layihə fəal yaşlanma mövzusunda ictimai məlumatlılığın artırılmasına öz töhfəsini verir. Beynəlxalq Ahıllar Günündə belə bir pozitiv ovqat bəxş edən fotosərginin təşkili də bu istiqamətdə növbəti addımdır.

BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev fəal həyat tərzi sürməyə çalışan yaşlıları öz icmaları və bütövlükdə cəmiyyət üçün müsbət rol modelləri adlandırıb: “Bu gün hamımızın bu cür pozitiv nümunələrə ehtiyacı var. Bu qəbildən olan tədbirlərlə biz məhz bu nümunələri göz önünə gətirməyə və bu müsbət təcrübələri təşviq etməyə çalışmalıyıq. Ümidvaram ki, cəmiyyətimizdə hələ də çox yeni bir məfhum olmasına baxmayaraq, fəal və sağlam yaşlanma mövzusu zaman keçdikcə daha çox insanın diqqət mərkəzinə düşəcək və tədricən daha çox insanlarımızın fəal yaşlanmanı öz həyat kredosuna çevirməsinin şahidi olacağıq”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin sədri Fərid Məmmədov ölkəmizdə ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi tədbirlərindən bəhs edib. Fəal Yaşlanma layihəsinin yaşlı şəxslərin fəal və sağlam həyat tərzi keçirmələrinə, ümumən Hökumətin yaşlılarla bağlı həyata keçirdiyi sosial müdafiə tədbirlərinə bir dəstək olduğunu diqqətə çatdırıb.

Fotosərgi növbəti iki gün ərzində Dənizkənarı Bulvar ərazisində açıq havada davam edəcək.

Azvision.az

Teqlər: Sərgi  







Xəbər lenti