Vaşinqton Brüsseli Çinə qarşı mübarizəyə səsləyir

   Vaşinqton Brüsseli Çinə qarşı mübarizəyə səsləyir
  01 Oktyabr 2021    Oxunub:695
Dünən Pensilvaniya ştatında ABŞ rəsmiləri ilə Avropa İttifaqının təmsilçiləri arasında görüş keçirilib. Tədbirdə ABŞ-ı dövlət katibi Entoni Blinken, ticarət məsələləri üzrə nümayəndə Cina Raymondo, Avropa İttifaqını isə icraçı vitse-prezidentlər Marqaret Vestaqer və Valdis Dombrovskis təmsil edib.
Tərəflər Transatlantik əməkdaşlığı dərinləşdirməyə qərar veriblər. Vaşinqton və Brüssel müasir texnologiyaların tətbiqi və ticarət sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Süni intellekt çalışmalarını sürətləndirmək məqsədilə ortaq fəaliyyət istiqamətləri də müəyyənləşdirilib.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkəsinin Avropa İttifaqı ilə münasibətlərinə zərbə vurmuşdu. Tramp Avropa İttifaqı ilə əməkdaşlığa əhəmiyyət vermir, hətta Böyük Britaniyanın Avropa İttifaqından ayrılmasını alqışlamışdı. Bu isə Brüsselin narazılığına səbəb olmuşdu. Ona görə də indiki görüş münasibətlərin bərpası kimi qiymətləndirilə bilər.

ABŞ-ın Avropa İttifaqı ilə yeni ilişkilərini Azvision.az –a şərh edən politoloq Elxan Şahinoğlu deyir ki, burada Çin amili da var.

-Prezident Co Bayden iyun ayında Brüsseldə olanda tərəflər arasında texnoloji sammitin keçirilməsi təklifini dəstəkləmişdi. Brüssel Baydenlə əlaqələrə daha isti baxır. Təsadüfi deyil ki, Co Bayden uzun illər iki böyük şirkət olan “Airbus” ilə “Boeing” arasındakı ixtilafa son qoya bildi. Bayden göstərməyə çalışır ki, Brüssellə əməkdaşlıq Vaşinqton üçün vacibdir.

Vaşinqton Pekinlə mübarizədə Brüsseli yanında görmək istəyir. Sammitin yekun bəyanatında Çin konkret şəkildə xatırlanmasa da, müzakirələrdə Pekinlə mübarizə mövzusu geniş müzakirə olunub. Misal üçün bəyanatda qeyd edilib ki, tərəflər biznesi, istehsal sahələrini ədalətsiz rəqabətdən və ucuz mallardan qorumalıdırlar, çünki bu dünya iqtisadiyyatına zərər vurur.



Bəyanatdakı bu cümlənin Çinə aid olduğu aşkardır. Çünki, məhz Çin Qərb texnologiyalarını müxtəlif üsullarla ələ keçirməklə dünya bazarlarına ucuz mallar çıxarır və bu ədalətsiz rəqabətə yol açır. Amerikalı rəsmilər və diplomatlar gizlətmirlər ki¸ Çin ABŞ və Avropa şirkətlərinə zərər vurur.

Beləliklə, Vaşinqton Brüsseli Çinə qarşı mübarizəyə səsləyir. Brüssel insan haqları məsələsində Vaşinqton kimi Çini tənqid edir. Ancaq iqtisadi mövzularda Brüssel Pekinlə münasibətləri korlamaq istəmir. Əksinə, Çin bir sıra Avropa ölkəsində limanlar, ərazilər alır, yollar çəkir və digər infrastruktur çalışmalarına maraq göstərir. Avropanın bir qrup ölkəsinin Çinin yatırımlarına ehtiyacı var. Ancaq bu ehtuyacın arxasında təhlükəli məqamlar var. Misal üçün Çin Avropa ölkələrindən biri ilə imzaladığı sazişə görə bir neçə milyard dollarlıq yol çəkməliydi. Yol çəkildi. Ancaq həmin ölkə borcunu qaytara bilmədiyinə görə yolun sahibliyi Çin şirkətinə keçdi. Bu Pekinin başqa ölkələrdə tətbiq etdiyi üsuldur, əvvəlcə borc verir, əlavə maliyyə lazımdırsa onu da təqdim edir, borc qaytarılmadıqda isə layihəni ələ keçirir və həmin ölkədə söz sahibi olmağa çalışır.

Tural Tağıyev
Azvision.az




Teqlər: ABŞ   Çin   Bayden   Brüssel  





Xəbər lenti