Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşları ilə bağlı mətbuat konfransı keçirilib

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşları ilə bağlı mətbuat konfransı keçirilib
  30 Sentyabr 2021    Oxunub:747
Sentyabrın 30-da “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşları ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə beynəlxalq ictimaiyyətə Azərbaycan, rus, ingilis, fransız, ərəb və alman dillərində bəyanat səsləndirilib.
Azvision.az xəbər verir ki, mətbuat konfransında “Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində çoxlu sayda Azərbaycan vətəndaşının əsir və girov götürüldüyünü, itkin düşdüyünü vurğulayıb. Qeyd edib ki, 3890 nəfər Azərbaycan vətəndaşının taleyindən bu günə qədər xəbər yoxdur. Ermənistanın siyasi rəhbərliyi bununla bağlı beynəlxalq konvensiyaların tələblərinə açıq-aşkar məhəl qoymur. Təəssüf ki, müvafiq beynəlxalq təşkilatlar da bu fakta lazımi səviyyədə diqqət ayırmır.

İcraçı direktor tədbirin məqsədinin Prezident İlham Əliyevin Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində həyata keçirdiyi uğurlu beynəlxalq siyasətə vətəndaş cəmiyyətinin dəstəyinin ifadə edilməsi olduğunu vurğulayıb: “Ermənistanın təcavüzü nəticəsində əsir və girov götürülən, itkin düşən, işgəncələrə məruz qalan vətəndaşlarımızın taleyi ilə bağlı məsələlərdə beynəlxalq insan hüquqları təşkilatlarını, digər qurumları ədalətli mövqe nümayiş etdirməyə, dünya ictimaiyyətini bəşəri həmrəyliyə səsləyirik”.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov çıxış edərək bildirib ki, Ermənistan tərəfinin Azərbaycan Respublikasına qarşı ərazi iddiaları ilə başlatdığı müharibədən bu günədək 719-u mülki şəxs olmaqla 3890 vətəndaşımız itkin düşüb. Xocalı şəhərinin 196 sakini, o cümlədən 36 uşaq, 20 qoca, 65 qadın barədə indiyədək heç bir məlumat yoxdur. Ermənistan tərəfi Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin məzar yerləri barədə məlumatları gizlədir, bu məsələdə əməkdaşlıq etmək istəmir.



“Ermənistan tərəfi Cenevrə Konvensiyasının, eləcə də iştirakçısı olduğu beynəlxalq sazişlərin tələblərinə zidd olaraq, İkinci Qarabağ müharibəsində itkin düşmüş 7 nəfər Azərbaycan hərbçisinin taleyi ilə bağlı bu günə qədər məlumat verməkdən yayınır. Rusiyanın vasitəçiliyi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi ilə son bir ildə tərəflər arasında dəfələrlə hərbi əsirlərin dəyişdirilməsi baş tutsa da, həmin yeddi hərbçinin taleyi ilə bağlı cavab ala bilməmişik”.

Çıxışlardan sonra əsir və itkin düşmüş, girov götürülmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirilməsi, onların doğmalarının yanına qaytarılması işində həssaslıq göstərilməsi ilə bağlı altı dildə hazırlanan və beynəlxalq təşkilatlara ünvanlanan bəyanat oxunub.

Azvision.az



Teqlər:





Xəbər lenti